Cari ilin fevral ayının 14-dən 17-dək İtaliyanın Milan şəhərində “BİT-2013” Beynəlxalq Turizm Sərgisi keçiriləcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunacaq. Nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin Xarici turizm sektorunun məsləhətçisi Məleykə Hüseynova, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Xəyalə Şahbazova, həmçinin bir sıra turizm şirkətlərinin əməkdaşları daxildir.
Sərgidə nazirlik tərəfindən 30 kvadratmetrlik lövhə icarəyə götürülüb. Azərbaycanın tanınmış turizm məkanları haqqında məlumatlar ingilis dilində hazırlanmış 30 adda reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcək.
Qeyd edək ki, ötən il Milanda keçirilən “BİT-2012” sərgisində dünyanın 130 ölkəsindən 2287 şirkət iştirak etmişdi