Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisi keçirilib.
Trend-in xəbərinə görə, cəmiyyətin Baş Məclisi ölkə prezidenti, cəmiyyətin fəxri üzvü İlham Əliyevin təbrik məktubu ilə açılıb. Təbrik nitqini Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Baş Məclis cəmiyyətin ötən 5 ildəki fəaliyyəti müsbət qiymətləndirib. Baş Məclis tərəfindən Novruz Aslanov yenidən AzQAC-ın prezidenti seçilib. Baş Məclis, həmçinin 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul edib.
Cəmiyyətin prezidenti Novruz Aslanov qeyd edib ki, 1920-ci ildə yaradılan AzQAC hazırda ölkədə ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatıdır.
Hazırda cəmiyyətinin 300 min üzvü, 20 min könüllüsü var. Aslanov qeyd edib ki, ölkədə “Qızıl Aypara Cəmiyyəti haqqında” qanun qəbul olunub. Bu qanun digər ölkələrdəki milli cəmiyyətlərə də tövsiyə olunub. Prezidentin sərəncamı ilə hər il martın 10-də Qızıl Aypara Günü kimi qeyd olunur.