Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İsveçrəli nazir Yohan Şnayder-Amman böyük nümayəndə heyəti ilə respublikamıza səfər etməsini ölkəsinin Azərbaycan ilə əməkdaşlığa olan marağının ifadəsi kimi dəyərləndirdi. O, ölkələrimiz arasında uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini vurğuladı. Enerji və qeyri-energetika sektorunda qarşılıqlı sərmayə qoyuluşuna toxunan isveçrəli nazir bu sahədə əməkdaşlığın ölkələrimiz arasında digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında yaxşı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi istiqamətində də yaxşı nəticələrin olduğunu qeyd etdi. Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın ölkəmizə səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.