Azərbaycan prezidenti bir sıra dövlətlərin BMT-dəki daimi nümayəndələrini qəbul edib

Prezident İ. Əliyev bu səfərin nümayəndə heyətinin üzvləri üçün ölkəmizi daha yaxından tanımaq və eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsinə kömək göstərmək baxımından əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın BMT-də təmsil olunan ölkələrlə yaxşı əlaqələri var. Qonaqların təmsil etdikləri ölkələrlə Azərbaycanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan prezident İ. Əliyev həmin ölkələrlə gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib.

O, Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu, qarşılıqlı sərmayələrin qoyuluşunun müsbət nəticə verə biləcəyini vurğulayıb: “Azərbaycanın güclü iqtisadi potensialı mövcuddur, müxtəlif qitələrdə nəhəng sərmayə qoymaq imkanları var və nümayəndə heyətinin səfəri zamanı bu imkanların nəzərdən keçirilməsi mümkündür”.

Prezident İ. Əliyev Azərbaycanın bölgələrindən birinə də səfər etmələrinin nümayəndə heyətində ölkəmiz haqqında yaxşı təəssürat yaratmağa kömək edəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyəti adından danışan Qambiyanın BMT yanında daimi nümayəndəsi xanım Süzan Vaffa-Oqu Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan haqqında kənardan məlumat almaq mümkündür. Lakin səfər zamanı biz Azərbaycan haqqında birbaşa daha dolğun məlumat əldə edə biləcəyik”, deyən BMT təmsilçisi səfərlərinin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İ. Əliyev qeyd edib ki, ikitərəfli əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ikitərəfli əlaqələr iqtisadi sahədə də genişlənməlidir. Azərbaycanın bu sahədə çox iş görə biləcəyini diqqətə çatdıran prezident bildirib ki, ölkəmiz daim sərmayə qoymaq imkanlarından daha səmərəli istifadə etmək axtarışındadır. O, əlaqələrin beynəlxalq formatda genişləndirilməsi zərurətindən də danışıb.

Dövlət başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Qeyd edib ki, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurası, Baş Məclisi və digər beynəlxalq təşkilatların qətnamə və qərarları var. Bu sənədlərin kağız üzərində qalmasından təəssüf hissi keçirdiyini deyən prezident İ. Əliyev qeyd edib ki, birgə çalışaraq elə bir mexanizm yaradılmalıdır ki, bu cür qərarlar icra edilsin. Dövlət başçısı bildirib ki, ölkələr bir-birinin problemlərinə həssas yanaşmalı və kömək etməlidir.

Azərbaycanın açıq ölkə olduğunu deyən prezident BMT-dəki nümayəndəliyimizin xalqlar və ölkələr arasında əlaqələrin daha yaxşı qurulması üçün fəal iş gördüyünü söyləyib.

Prezident İ. Əliyev nümayəndə heyətinin üzvlərinin təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarını münasib bildikləri vaxtda Azərbaycana səfərə dəvət edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO