Azərbaycan ombudsmanı uşaq hüquqları aylığının keçirilməsi təşəbbüsünü irəli sürüb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 oktyabr – 20 noyabr 2009-cu il tarixlərində “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi ilə ölkədə uşaq hüquqları aylığının keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu barədə Trend News-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsinə, sosial problemlərinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda, qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir.

Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ombudsman Aparatının Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masaların, treninq-seminarların keçirilməsi planlaşdırılır.

Aylıq çərçivəsində “Uşaq hüquqları hamı üçün” mövzusunda jurnalist yazıları və “Bizim hüquqlarımız” mövzusunda uşaq rəsmləri müsabiqələrinin keçirilməsi, qaliblərin adlarının yekun tədbirində açıqlanması nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO