Azərbaycan Ombudsmanı Terri Devisin açıqlamasına münasibət bildirib

“Azərbaycanda jurnalistlərin həbsdə olması təkcə Terri Devisi deyil, elə bizim özümüzü də narahat edir. Mən bununla bağlı iki dəfə ölkə başçısına müraciət ünvanlamışam. Biz bu məsələni həmişə nəzərimizdə saxlayırıq. Bizim əməkdaşlar daim onların saxlanma şəraiti ilə maraqlanır, onlarla görüşür və şikayətlərini öyrənirlər. Biz bu məsələnin həlli ilə bağlı səlahiyyətimiz daxilindəki bütün işləri görmüşük, indi də nəticəni gözləyirik”. Bunu APA-nın Gürcüstan bürosuna müsahibəsində Azərbaycanın Ombudsmanı Elmira Süleymanova Avropa Şurasının baş katibi Terri Devisin Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Baş katibin Azərbaycan Konstitusiyasına gözlənilən söz azadlığı ilə bağlı bəzi əlavə və dəyişikliklərdən narahatlığını ifadə etməsini “onun öz fikri” adlandıran Ombudsman “Referendumun nəticələri Azərbaycan xalqının iradəsinin ifadəsi olacaq” deyə, söyləyib.
Ombudsman deyib ki, o, Milli Məclisə hesabat deyil, illik məruzə təqdim edir: “ İndi ötən ilin illik məruzəsi hazırlanır. Bu məruzə Prezidentə, Nazirlər Kabinetinə, parlamentə və başqa qanunla nəzərdə tutulmuş yerlərə təqdim olunur”.
E. Süleymanova deyib ki, bəzi qəzetlərdə onun səlahiyyətlərinin gah fevral, gah da aprel ayında bitməsi barədə yazıblar: “Mənim səlahiyyət müddətim qanunla müəyyənləşib. Mənim səlahiyyət müddətim bu il iyulun 2-də başa çatır. Azərbaycan qanunvericiliyə görə, Ombudsman bir dəfə, 7 il müddətinə seçilir. Azərbaycanın ilk Ombudsmanı olaraq mən də 2002-ci ilin iyulun 2-dən seçilmişəm. Səlahiyyətim başa çatanda qanuna görə, cənab Prezident üç namizədin adını Milli Məclisə təqdim edəcək, parlament isə onlardan birini seçəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO