Azərbaycan Ombudsmanı ermənilər tərəfindən qətlə yetirilən Farizlə bağlı bəyanat yayıb

Ombudsman Aparatının mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, cari il martın 8-də doqquz yaşlı Fariz Bədəlovun Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən erməni snayperin onu başını hədəfə alaraq, atəş açmaqla qətlə yetirməsi nəinki erməni təcavüzü, həm də beynəlxalq müharibələr tarixində ən dəhşətli hadisələrdəndir: “Bütün dünya qadınları öz hüquqları və həmrəylik gününü bayram etdikləri bir vaxtda ermənilər öz vəhşiliklərini təsdiqləyən daha bir qeyri-insani hadisə törədib, daha bir ananı ağlar qoyublar. Bu isə bütün Azərbaycan qadınları, uşaq və gənclərinin qəzəbinə səbəb olub. Fariz Bədəlov erməni hərbi qüvvələri tərəfindən qətlə yetirilən minlərlə dinc əhalidən olan uşaqlardan biridir.

Belə ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, 20 000-dən artıq günahsız insan, o cümlədən uşaqlar beynəlxalq humanitar hüquq normaları, əsas beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqları kobudcasına pozularaq bir çoxu xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan, yüzlərlə uşaq girov götürülüb…

…1994-cü ildə atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm pozulur, nəticədə Azərbaycan tərəfindən həm hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür.

Azyaşlı uşağın qətlə yetirilməsi qeyri-insani aktı, beynəlxalq hüquqi sənədlərin pozulması Ermənistan barəsində beynəlxalq məsuliyyət doğurur və ona qarşı BMT tərəfindən müəyyən sanksiyaların tətbiqini zəruri edir.

Azərbaycan Ombudsmanı hər il beynəlxalq təşkilatlara, xarici ölkə ombudsmanlarına, səfirliklərə, diaspor təşkilatlarına erməni təcavüzü, Xocalı soyqırımı, 31 Mart – Azərbaycanlıların Soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar ünvanladığına baxmayaraq, bu məsələlərə dünya ictimaiyyəti tərəfindən hələ də hüquqi qiymət verilməyib və münasibət bildirilməyib. Heç kəs bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisəyə laqeyd qalmamalıdır.

Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Bununla bağlı, dünya ictimaiyyətinə müraciət edərək hər kəsi haqq işimizi dəstəkləməyə çağırırıq. İnanırıq ki, günahsız bir uşağın amansızcasına qətli ilə nəticələnən, əslində dünyanın bütün uşaqlarına qarşı yönələn bu qeyri-insani akta dünya birliyi kəskin reaksiya verərək pisləyəcək və belə halların qarşısının alınması üçün etiraz səsini ucaldacaq və səlahiyyətləri çərçivəsində tədbirlər görüləcək”.

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO