Azərbaycan ilə Litva arasında əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarov litvalı həmkarını salamlayıb və onun ölkəmizə səfərini yüksək qiymətləndirdiyini bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün səviyyələrdə uğurla inkişaf edir. Həmçinin, nazir litvalı həmkarının Azərbaycana səfərinin sözügedən əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə edib.
Elmar Məmmədyarov qonağa ölkəmizdə bir çox sahələrdə, o cümlədən informasiya-texnologiyaları və turizm sahələrində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verib.
Nazir Linas Linkeviçius Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluq ifadə edib. Litvalı nazir bildirmişdir ki, Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etmək marağındadırlar.
Cari ilin iyul ayından Litvanın Avropa İttifaqına sədrlik edəcəyini bildirən nazir, Azərbaycanla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Həmçinin, litvalı nazir Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan Elmar Məmmədyarov, 21-ci əsrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qeyri-mümkün olduğunu söyləyib. Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin şərtsiz olaraq yerinə yetirilməsi zəruriliyini vurğulayıb.
Görüşdə, həmçinin, maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO