Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, aprelin 15-dən 25-dək Rumıniyanın Cincu şəhərində “Siber Guardian 2013” təlimi, aprelin 15-dən 19-dək İtaliyanın paytaxtı Romada tərəfdaşlar üçün NATO ilə tanışlıq kursu, aprelin 16-dan 18-dək Rumıniyanın paytaxtı Buxarestdə SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə işçi qrupunun yaz sessiyası, aprelin 22-dən 24-dək Cenevrədə SNT konsorsiumunun 15-ci illik konfransı keçiriləcək.
Azərbaycan hərbçiləri Rumıniya ilə ikitərəfli əməkdaşlıq planına əsasən, aprelin 22-dən mayın 17-dək Rumıniyanın Brasov şəhərində Planlaşdırma, proqramlaşdırma, büdcə prosedurları və qiymətləndirmə sistemi üzrə kursda, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, aprelin 22-dən 26-dək Almaniya Quru Qoşunlarının kəşfiyyat taborunda keçirilən təlimdə müşahidəçi qismində iştirak edəcək, həmçinin aprelin 24-dən 28-dək Hollandiyanın Amsterdam şəhərində “Qaraciyər xəstəlikləri” üzrə 48-ci beynəlxalq konqresə qatılacaqlar.