Azərbaycan dövlətinin media siyasətinin təməlində azad söz, siyasi plüralizm dayanıb


Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn media siyasətinin təməlində azad söz, siyasi plüralizm dayanıb. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü Azərbaycan Mətbuat Şurasının 10 illik yubileyi ilə bağlı keçirilən mərasimdə bildirib.

Əli Həsənov Mətbuat Şurasının fəaliyyətində üç istiqaməti xüsusi qeyd edib.
“Hazırda Azərbaycan mediasının inkişafında 3 əsas meyl müşahidə olunur ki, onların da hər üçünü məhz Mətbuat Şurası həyata keçirir. Onlardan biri 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad söz, media mühitinin inkişaf etdirilməsidir. Məhz həmin ilin avqust ayının 6-da imzaladığı fərmanla mətbuat üzərində bütün tənzimləyici mexanizmləri ləğv edən, senzuranı götürən ümummilli lider bugünkü azad media mühitinin təməlini qoyub. O dövrdən başlayaraq Mətbuat Şurasının həyata keçirdiyi əsas fəaliyyətlərdən biri məhz azad media mühiti dairəsinin getdikcə genişləndirilməsi, jurnalistlərin yaradıcı fəaliyyət mühitinin daha plüralistləşməsi olub”, – o deyib.
PA rəsmisinin sözlərinə görə, Mətbuat Şurasının həyata keçirdiyi ikinci əsas fəaliyyət jurnalist peşəkarlığının və jurnalistlərin məsuliyyətinin artırılması, jurnalist davranış normaları ilə Azərbaycan cəmiyyətinin mətbuata, azad sözə olan ehtiyaclarının uyğunlaşdırılması olub. Mətbuat Şurası yaradıldığı 10 il müddətində bir gün də öz fəaliyyətini dayandırmayıb, bacardığı qədər medianın digər qabaqcıl nümayəndələrindən, Azərbaycan media orqanlarının baş redaktorları, rəhbərləri və mediamızın veteranlarından istifadə edərək bu fəaliyyəti həyata keçirib.
“Üçüncü mühüm fəaliyyət jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, jurnalist nüfuzunun Azərbaycan cəmiyyətində bərpa olunması, qorunması və inkişaf etdirilməsi, jurnalistlərin adına xələl gətirən qeyri-qanuni, neqativ hallardan xilas olunması sahəsində fəaliyyətdir. Bəzən Mətbuat Şurasının fəaliyyətini tənqid edirlər ki, nəyə görə mediada monitorinqlər aparır? Nəyə görə Azərbaycan mediasında neqativ halları qabardıb komissiyalarda təhlil edir, bəzi mətbuat orqanlarını “reket” adlandırır? İnanın, bu fəaliyyət Mətbuat Şurasının 10 ildə həyata keçirdiyi ən səmərəli, uğurlu fəaliyyətlərdən biridir. Azərbaycan jurnalistinin nüfuzu, saf adı qorunmasa, Azərbaycan mətbuatı jurnalistlərin adını ləkələyən kənar təsirlərdən təmizlənməsə, Azərbaycan mediasının inkişafını görə bilmərik”, – Həsənov qeyd edib.
Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun simasında Azərbaycan dövlətinin mediaya qayğısı bundan sonra da davam edəcək: “Bu il Azərbaycan media işçiləri üçün inşa olunmuş ilk mənzillər ehtiyacı olan və ən çox xidməti haqqı olan jurnalistlərə paylanacaq və əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO