Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi təsdiq olunub

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il büdcəsinin layihəsi müzakirə olunaraq təsdiq edilib. «APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi haqqında» qanuna əsasən, gələn il Fondun büdcəsinin gəlir və xərclər hissəsi 2 632,695 mln. manat səviyyəsində nəzərdə tutulur.
Fondun gəlirlərinin əsas hissəsi, yəni 1 550,161 mln. manatı və ya ümumi gəlirlərin 58,9%-i icbari dövlət sosial sığorta haqlarının payına düşür. Bundan əlavə, 1 077,034 mln. manatı dövlət büdcəsindən ayrılacaq, 5,5 mln. manatı isə sair gəlirlərdir.
Fondun xərclərinin strukturunda əsas yeri əmək pensiyalarının ödənilməsi ilə bağlı məsrəflər tutur. Belə ki, bu xərclərin həcmi 2 500,291 mln. manat və ya ümumi xərclərin 95%-ni təşkil edir. Bu məbləğin isə öz növbəsində 1 358,480 mln. manatı pensiyaların baza hissəsi, 1 141,811 mln. manatı isə sığorta hissəsinin ödənilməsinə yönəldiləcək.
Qeyd edək ki, Fondun 2012-ci ilin büdcəsində gəlir və xərclər 2 454,3 mln. manat həcmində nəzərdə tutulub. Fondun gəlirlərinin strukturunda 1 407,5 mln. manatı və ya 57,4%-i icbari dövlət sosial sığorta haqları, 1 044,3 mln. manatı və ya 42,55%-i dövlət büdcəsindən ayırmalar təşkil edir. Fondun xərcləri strukturunda 2 322,540 mln. manatı və ya ümumi xərclərin 94,6%-ni əmək pensiyaları təşkil edir.
Göründüyü kimi, Fondun büdcəsi 2013-cü ildə 178,395 mln. manat və ya 7,3% artırılır. Eyni zamanda, büdcədən transferlər yalnız 32,733 mln. manat artır ki, beləliklə, əsas artım sosial sığorta haqlarının payına düşür. Xərclərin müqayisəsinə gəldikdə isə, gələn il pensiyalar üzrə ödəmələr 177,8 mln. manat və ya 7,7% artırılır.

APA.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO