Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsinə hazırdır

ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti fevralın 20-də Vyanada İtaliyanın bu qurum yanındakı deputat nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miqliori bildirmişdir ki, İtaliya ATƏT-in Mİnsk qrupuna üzvdür və bu səbəbdən də nümayəndə heyəti sessiya çərçivəsində ayrı-ayrılıqda hər iki münaqişə tərəfinin nümayəndələri ilə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikirlərini bölüşmək istəyir.

Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimovla görüşünə toxunan R.Miqlioriyə görə, hər iki tərəfin parlamentarları ilə görüşün məqsədi parlament diplomatiyası səviyyəsində münaqişənin dinc yolla həllinə töhfə vermək niyyətidir. Ona görə də münaqişənin həll olunması istiqamətində Azərbaycan tərəfinin mövqeyini öyrənmək İtaliya nümayəndə heyəti üçün maraqlıdır.
Münaqişənin hazırkı vəziyyətinə münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir ki, Azərbaycan Helsinki Yekun Aktının prinsip və müddəalarının əldə rəhbər tutulmasını vacib hesab edir. Eyni zamanda Azərbaycan tərəfi münaqişənin həlli məsələsində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasını əsas şərt kimi qəbul edir. Milli azlıqların öz müqəddəratını təyinetmə prinsipini yalnız onların yaşadığı dövlətin ərazi bötüvlüyü çərçivəsində reallaşmalıdır. Sözsüz ki, erməni tərəfi hazırkı “status-kvo”nu saxlamaq üçün danışıqları uzatmağa çalışır.

Çox təəssüf ki, bu gün dünyadakı bir sıra zərərli meyllər Dağlıq Qarabağ kimi separatizmə əsaslanan rejimlərin legitimləşdirilməsinə səy göstərir. Təbii ki, bu halda Azərbaycan hansısa dövlətin ərazilərinin işğalı və parçalanmasına qəti etiraz edir. Ermənistan tərəfi çalışır ki, ilk növbədə Dağlıq Qarabağın statusu müəyyən edilsin, sonra başqa məsələlər müzakirəyə çıxarılsın. BMT-nin qəbul etdiyi 4 qətnamə və ATƏT-in müvafiq sənədlərinin prinsiplərini əldə rəhbər tutaraq, əvvəlcə işğal edilmiş ərazilər boşaldılmalı, qaçqın və köçkünlər öz torpaqlarına geri dönməli və onların təhlükəsizliyinə zəmanət verildikdən sonra status məsələsinin müzakirəsi mümkündür. Dağlıq Qarabağın öz yurdundan qaçqın düşmüş Azərbaycan icması torpaqlarına geri qayıtmayınca, statusdan danışmaq olmaz. Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyini vacib sayır, lakin onun işinin sürətləndirilməsi və səmərəliliyinin artırılmasının tərəfdarıdır.

B.Muradova daha sonra bildirmişdir ki, Azərbaycan BMT-yə üzv qəbul edilərkən Dağlıq Qarabağ ölkənin ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Azərbaycan öz ərazisini heç kimə güzəştə getməyəcəkdir və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa dünya təcrübəsində mövcud ən yüksək muxtariyyətin verilməsinə hazırdır.

İtalyan deputatlarının sualına cavab olaraq, münaqişə zamanı Azərbaycanın verdiyi qurbanlar, ölkədəki qaçqınlar barədə statistik məlumatlar diqqətə çatdırılmışdır. Münaqişə barədə daha aydın təsəvvür yaranması üçün qeyd edilmişdir ki, ötən həftələrdə Qəzzə bölgəsində gedən döyüşlərdə 20 gün ərzində təxminən 1.200 insan həlak olmuşdusa, Xocalı şəhərində Ermənistan hərbi qüvvələri tərəfindən bir gecədə 612 nəfər mülki insan qətlə yetirilmişdir. İtaliyanlar kimi qaynar temperamentə malik azərbaycanlıların xalqımıza qarşı törədilmiş bütün bu faciələr və haqsızlıqlardan sonra erməni tərəfi ilə sülh danışıqları aparır və bu, bizim tərəfimizdən göstərilən ən böyük güzəştdir.

Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə dayanan əsas məqsəd milli azlıqların öz müqəddəratını təyinetmə hüququ deyil, əsas problem Azərbaycan torpaqlarının qəsb edilməsi və hələ də işğal altında saxlanılmasıdır.
İtaliya nümayəndə heyətinin rəhbəri belə bir təkliflə çıxış etmişdir ki, ATƏT-in Minsk qrupunun üzvü qismində Romada Azərbaycan və Ermənistan səfirləri ilə görüşündə hər iki ölkənin bu qurum yanında parlament nümayəndə heyəti rəhbərləri də çıxış etsin.

B.Muradova bildirmişdir ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasına yardım edəcək bütün səyləri dəstəkləyir və bununla bağlı imkanları nəzərdən keçirilə bilər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO