Azərbaycan BMT-yə insan hüquqlarının vəziyyətinə dair milli məruzə təqdim edib


Cenevrədə BMT Baş Assambleyasının 60/251 saylı 15 mart 2006-cı il tarixli qətnaməsinə müvafiq olaraq İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə İşçi Qrupun 4-cü sessiyası çərçivəsində dövlətlərin insan hüquqlarına dair öhdəliklərinin yerinə yetirilməsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının milli məruzəsinə baxılıb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Milli məruzənin təqdim edilməsində xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Xələf Xələfov milli məruzənin təqdim edilməsi zamanı çıxış edərək məruzənin hazırlanması ilə əlaqədar həyata keçirilmiş tədbirlər, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqlarının təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat verib, 18 mart 2009-cu il tarixində keçiriləcək referendumun insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin başçısı Azərbaycanın insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi mexanizmlərində iştirakı, onların fəaliyyətinə töhfəsi, bu sahədə çalışan beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Çıxışda həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun ağır nəticələri və Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Müzakirələrdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycan hökumətinin universal dövri icmal üzrə hazırladığı milli məruzəsini və onun müzakirələrə təqdim edilməsini, insan hüquqları və əsas azadlıqlarının təmin olunması istiqamətində əldə olunmuş nailiyyətləri və həyata keçirilən tədbirləri, bir sıra sahələrdə, xüsusilə də iqtisadi-sosial sahədə aparılan uğurlu islahatları yüksək qiymətləndiriblər. Daha sonra nümayəndə heyətinin başçısı və üzvləri digər dövlətlərin nümayəndələri tərəfindən məruzə üzrə verilən sualları və şərhləri ətraflı cavablandırıb, onlarla bağlı Azərbaycanda görülmüş tədbirlər, atılmış addımlar və davamlı surətdə göstərilən səylərin mahiyyəti və nəticələri haqqında təfsilatlı şərhlər veriblər. Müzakirələr interaktiv dialoq formasında davam edib, Azərbaycan nümayəndə heyətinin başçısı Xələf Xələfovun yekun çıxışı ilə başa çatıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO