Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək, güclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

İyunun 14-dək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, bəzi ərazilərdə yenidən güclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, dünən ölkənin qərb rayonlarında gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilmişdi: “Biz hələ iyunun 7-də xəbərdarlıq vermişdik ki, belə hava şəraiti olacaq. Bizim xəbərdarlıqlarımızın hamısında güclü külək və yağışın olacağı öz əksini tapmışdı. Ancaq indi bu prosesin müddəti bir qədər də uzanıb”.

U.Tağıyeva bildirib ki, iyunun 14-dək ölkə ərazisində hava şəraiti fasilərlələ qeyri-sabit olacaq. Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, bəzi yerlərdə yağıntının leysan xarakterli, intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir. Əsasən, respublikanın dağlıq və dağətəyi rayonlarında yağışların leysan xarakterli olacağı ehtimal edilir.

Bəzi yerlərə dolu düşəcəyi gözlənilir. İyunun 11-də arabir güclənən cənub küləyi əsəcək. İyunun 12-də günün ikinci yarısında və iyunun 13-də yenidən güclü qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Büro direktoru qeyd edib ki, iyunun 10-da Gəncədə müşahidə edilən hava şəraitinə (güclü yağış və külək) oxşar havanın iyunun 14-dək daha çox respublikanın dağlıq və dağətəyi, şimal və qərb rayonlarında özünü intensiv göstərəcəyi proqnozlaşdırılır.

U.Tağıyeva deyib ki, iyunun 13-də isə Bakıda və Abşeron yarımadasında çox güclü şimal küləyi əsəcək. Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə enəcək: “Yəni bu prosesi biz Abşeron yarımadasında da hiss edəcəyik”.

Onun sözlərinə görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, iyunun 10-da saat 22:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb. Təxminən 15 dəqiqədən sonra leysanla əvəzlənib. Təbiət hadisəsi nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. 1000-dən artıq fərdi yaşayış evini su basıb, 100-ə yaxın yaşayış evinin dam örtükləri dağılıb.

Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb, 50-yə qədər avtomobilə zərər dəyib.

İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı məlum olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO