Avtobus sürücülərinin qayda pozuntusuna göz yumulur

Avtobus sürücülərinin qayda pozuntusuna göz yumulur Ölkəmizdə sürücülərin yol-hərəkəti qaydalarına riayət etməsi sahədə problemlər qalmaqdadır. Xüsusən, ictimai nəqliyyat vasitələrinin harada oldu saxlaması, hərəkəti zamanı kobud qayda pozuntularına yol verməsi adi hal alıb. Paytaxtda baş verən yol qəzaları ilə bağlı təhlükəsizlik kameralarına düşən görüntülərin də əksəriyyətində avtobus sürücülərinin digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığı aydın görünür. Təəssüf ki, avtobus sürücülərinin bu hərəkətlərinə dövlət yol polisi əməkdaşları da göz yumur. Bu isə avtobusların hərəkət etdikləri xətt sahiblərinin əksəriyyətinin toxunulmaz şəxslər olduğu ilə bağlı deyilənlərin real olması fikrini yaradır. Bir çox hallarda dövlət yol polisi əməkdaşları ictimai nəqliyyat vasitələrinin yol verdikləri qayda pozuntularına göz yumur. Maraqlıdır, ictimai nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarına əməl etməsini təmin etmək nə üçün bu qədər problemə çevrilib?

Məsələyə münasibət bildirən Ekspert Şahin Camalov da bu hallarla gündəlik rastlaşdığını bildirdi: «Dəfələrlə şahidi olmuşam ki, dövlət yol polisi əməkdaşları avtobus sürücülərinin yol verdikləri kobud qayda pozuntularına göz yumub. Bununla bağlı söylədiyim faktların arxasında tam məsuliyyəti ilə dayanıram. Hətta, dəfələrlə dövlət yol polisi əməkdaşlarının gözləri qarşısında avtobus sürücüləri qoşa xəttin tələbini pozub, işıqforun qırmızı işığında keçib. Amma həmin faktları görən polis əməkdaşları heç bir tədbir görməyib. Buna nə üçün göz yumulduğunu deyə bilmərəm. Bu ya dövlət yol polisi əməkdaşlarının həmin sürücülərlə mübarizə apara bilməməsinin, ya da onların qarşısında gücsüzlüyünün göstəricisidir. Bütün bunlar isə son nəticədə çox saylı insan ölümü ilə nəticələnən qəzaların baş verməsinə səbəb olur. DYP əməkdaşlarının avtobus sürücülərinin yol verdikləri qayda pozuntularının əsasında nə durması ilə bağlı isə sonradan bir sıra məlumatlar yayılır. Tədbirlər görülimədiyi halda isə dövlət yol polisinin imicinə xələl gətirən məlumatların doğruluğuna inanmaya bilmirsən. Düşünürəm ki, Daxili İşlər Nazirliyi bu faktlarla bağlı ciddi ölçü götürməlidir».

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə yol hərəkəti qaydalarını pozan hər bir sürücüyə qarşı ciddi tədbirlər görüldüyünü vurğuladı: «Dövlət yol polisi əməkdaşları yol-hərəkəti qaydalarını pozan bütün sürücüləri saxlayaraq məsuliyyətə cəlb edir. İctimai nəqliyyat vasitələrini idarə edən sürücülərin kobud yol hərəkəti qaydalarını pozmasına görə, bu ilin əvvəldən indiyədək cəzalandırılanlar da kifayət qədər çox olub. Dayanma-durma qaydalarının pozulmasına görə, dayanacaqlardan kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə ictimai nəqliyyat vasitəsini saxlamağa görə onlarla sürücü cərimələnib. Dəfələrlə bununla bağlı açıqlama verilib. Yolun ensiz hərəkət hissəsində və yaxud nəqliyyatın hərəkətinin sıx olduğu yerdə qayda pozuntusuna yol verən avtobus sürücülərini saxlamaq olmur. Çünki bu zaman digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaranır. Amma təhlükəsizlik kameraları vasitəsilə bütün yollara nəzarət edilir. Qayda pozuntusuna yol verən avtobus sürücüləri həmin görüntülər əsasında dəvət edilərək cərimələnir».
K.Əliyev paytaxtda «toxunulmaz» sürücülərin olmadığını vurğuladı: «Digər nəqliyyat vasitələrinin sürücüləri kimi, avtobus sürücülərinin də «Yol hərəkəti haqqında» qanunun tələblərinə əməl etməsi üçün Dövlət Yol Polisi üzərinə düşən bütün addımları atır».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO