Avropa Şurasının nümayəndələri Azərbaycanın məhkəmə-hüquq sistemindəki islahatlara maraq göstərirlər

Avropa Şurasının Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndələri Baş Prokurorluqda olublar.
Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 10-da Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurasının Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun sədri xanım Urszula Gaçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması, eyni zamanda, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat verib.
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının təsdiq edilərək icraya yönəldilməsini, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını diqqətə çatdıran Baş prokuror insan hüquqlarının qorunması istiqamətində kompleks, hərtərəfli və ardıcıl işlərin görülməsini xüsusi vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən xanım Urszula Gaçek Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun Azərbaycan ilə əlaqələrin inkişafında və faydalı qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildirib.
Görüş ərzində nümayəndə heyətinə daxil olan bir neçə ölkənin səfirləri ilə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın gələcək perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO