Avropa Şurası bəzən ikili standartlardan çıxış edir

Avropa Şurası bəzən ikili standartlardan çıxış edir   Avropa Şurası üzv ölkələrə qarşı münasibətdə bəzən ikli standandartlardan çıxış edir. Bu fikirləri Trend News-a eksklüziv açıqlamasında çərşənbə axşamı Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu AŞ PA-da Ermənistanla bağlı keçirilən müzakirələrə münasibət bildirərkən deyib. Türkiyəli deputat qeyd edib ki, AŞ-da ikili standart təkcə Azərbaycan-Ermənistan məsələsində deyil, Rusiya-Gürcüstan münasibətlərində, eləcə də Türkiyəyə münasibətdə özünü göstərir. “Bu gün Ermənistanla bağlı müzakirələrdə də AŞ PA-dakı ikili standartın şahidi olduq. Ermənistanda insan hüquqları və siyasi azadlıqlarla bağlı vəziyyət Azərbaycandakından daha pis və daha ciddi oluğu halda, Azərbaycana sərt, Ermənistana isə yumşaq münasibət göstərilir. Bu ikili standartdır”, – deyə nümayəndə heyətinin sədri bildirib.
Türkiyənin Qafqaza dair siyasətinə də münasibət bildirən deputat qeyd edib ki, Qafqazda sabitlik və əməkdaşlığın olması üçün, öncə mövcud problemlərin həlli lazımdır və bu problemlərin başında Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının 20 faizinin işğal edilməsi gəlir.
Ermənistanın işğalçılıq siyasətinə son verməsini nəzərdə tutan AŞ və BMT qətnamələrinə də toxunan Çavuşoğlu problemin qətnamələrlə həll oluna biləcəyinə inanmadığını deyib.
«Doğrusu, biz bu problemlərin qəbul edilən qətnamələr və ATƏT-in Minsk qrupu vasitəsilə həll oluna biləcəyinə inanmırıq. Türkiyənin və bölgədəki dövlətlərin bu mövzuda təşəbbüs göstərməsi lazımdır», – deyə deputat əlavə edib. Onun sözlərinə görə, Türkiyənin göstərdiyi səylərdən sonra Rusiya da zəmini itirməmək üçün problemin həlli istiqamətində fəallıq göstərməyə başlayıb.
Türkiyə-Ermənistan münasibətlərində hiss olunan yaxınlaşmaya da münasibət bildirən Çavuşoğlu bildirib ki, bəzi qüvvələrin son zamanlar həyata keçirilən yaxınlaşma siyasətindən narahat olmasını normal qəbul etmək lazımdır.
“Həm Türkiyə, həm də Azərbaycanda bəzi qüvvələr bu məsələdən ölkə daxilindəki siyasi məqsədləri üçün istifadə edirlər. Prezident Abdulla Gül Yerevana getdiyi zaman qondarma soyqırım və Türkiyə ilə sərhədlərin açılması məsələlərini ümumiyyətlə müzakirə etməyib. Bu səfərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi müzakirə olunub», – deyə Çavuşoğlu bildirib. Deputat qeyd edib ki, Türkiyənin bu istiqamətdəki siyasəti Türkiyə və Azərbaycanın mənafelərinə xidmət edir.
Türkiyənin Rusiya və Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə də toxunan deputat son zamanlarda Ankara -Moskva münasibətlərində müşahidə olunan yaxınlaşmanın Türkiyə-Aİ münasibətlərinə zidd olmadığını vurğulayıb. Çavuşoğlu bildirib ki, Türkiyə bölgədə təkyönlü deyil, çoxşaxəli xarici siyasət yürütməli və gündəmin arxasından gedən bir ölkə olmamalıdır. O, hesab edir ki, Ankaranın Qafqaz siyasəti, Rusiya ilə ticarət münasibətləri, eləcə də digər qonşuları ilə əlaqələri inkişaf etdirməsi Ankara-Aİ münasibətlərinə zidd deyil, əksinə bunlar bir-birini tamamlayan siyasətlərdir. «Türkiyə artıq regionda lider ölkədir və bu istiqamətdə qardaş Azərbaycanla birgə hərəkət edir», – deyə Çavuşoğlu vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO