Avropa Məhkəməsinin qaçqınların işləri ilə əlaqədar seçilmiş qərarları kitab şəklində nəşr edilib

Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyi və Avropa Şurasının Hüquq, İnsan Hüquqları və Bacarıqların Artırılması Departamentinin dəstəyi ilə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınların işləri üzrə Seçilmiş Qərarları” adlı toplu nəşr edilib.

1000 tirajla nəşr olunmuş əyani vəsaitdə İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 3, 5, 8, 13-cü maddələri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin seçilmiş qərarları nəşr olunub.

Hüquqşünaslar, hakimlər, hakimliyə namizədlər, vəkillər üçün nəşr olunan kitab qaçqınların beynəlxalq müdafiəsi ilə bağlı İnsan hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyası ilə əlaqədar materialların öyrənilməsinə dəstək vermək və təcrübi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi məqsədi daşıyır.

Sığınacaq axtaranlar, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara məruz qalan qaçqınların ərazilərə qaytarılmasının qarşısının alınması, ailə üzvlərinin qovuşması və tutulma vəziyyətində prosesual təminatlar kimi əlavə hüquqların müvəffəqiyyətlə təmin edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər edilib.

Məhkəmə bu barədə müxtəlif məsələlər üzrə bir sıra vacib Qərarlar qəbul etməklə beynəlxalq insan hüquqları və beynəlxalq qaçqın hüququ arasındakı əlaqəni nümayiş etdirib.

Hazırlanmış nəşrin məsləhətçiləri AHK-nın sədri, millət vəkili Əli Hüseynli, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin əməkdaşları Leyla Nuqmanova və Bela İsmayılovadır.

Nəşrin redaktoru Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi sektorunun müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli nümayəndəsi, AHK-nın idarə heyətinin üzvü Çingiz Əsgərov, nəşrə məsul şəxs AHK-nın baş katibi Nadir Adilovdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO