ATƏT PA QIŞ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

ATƏT PA QIŞ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR Fevralın 19-da Vyanadakı “Hofburq” sarayında ATƏT Parlament Assambleyasının 8-ci qış sessiyası öz işinə başlamışdır.
Qurumun üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi sessiyanın işində iştirak edir. Sessiyada ölkəmizi Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə deputat qrupu təmsil edir.
ATƏT Parlament Assambleyasının sədri Joao Soareşin sədrliyi ilə keçən Daimi Komitənin iclasında qurumun təşkilatdaxili məsələləri müzakirə edilmişdir.
ATƏT-in baş katibi Perrin de Brişambo iclasda illik hesabatla çıxışı etmiş, qurumun fəaliyyəti, görülmüş işlər, perspektiv vəzifələrdən, xüsusilə də maliyyə böhranının təşkilatın fəaliyyətinə yaratdığı maneələrdən bəhs etmişdir.
ATƏT-in xəzinədarı Hans Raydel illik maliyyə hesabatını açıqladıqdan sonra növbəti ilin büdcəsinin formalaşması ilə bağlı müzakirələr aparılmışdır.
Daha sonra cari ildə seçki müşahidəçilərinin fəaliyyəti, qəbul edilmiş qərarların implementasiyası, Quantanamo düşərgəsinin bağlnaması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan sonra ATƏT Parlament Assambleyasının geniştərkibli iclası öz işinə başlamışdır. Joao Soareşin sədrliyi ilə keçən iclasda Avstriya Parlamentinin sədri Barbara Prammer, NATO Parlament Assambleyasının sədri Con Tanner, ATƏT PA-nın sədri Joao Soareş, ATƏT-in hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis giriş nitqləri ilə çıxış etmişlər.
D.Bakoyannis öz çıxışında Yunanıstanın sədrliyi dövründə ATƏT-in gündəliyində duran əsas məsələlərə toxunmuş, Gürcüstanda ATƏT missiyasının işinin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin il ərzində müxtəlif ölkələrdə, xüsusilə Əfqanıstanda keçiriləcək seçkilərdə geniştərkibli müşahidəçi missiyalarının göndərilməsi qeyd edilmiş, ATƏT məkanında münaqişələrin həllinə diqqətin artırılacağı bildirilmiş və ATƏT-in hüququ statusunun gücləndirilməsi istiqamətində görülməli işlərə toxunulmuşdur.
Fevralın 20-də sessiya çərçivəsində Avropada təhlükəsizlik məsələlərinə həsr edilmiş xüsusi müzakirələr aparılacaqdır.

Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO