ATƏT PA-nın qış sessiyasinda Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur

Fevralın 19-da ATƏT Parlament Assambleyasının VIII qış sessiyasında siyasət və təhlükəsizlik məsələləri baş komitəsinin iclası keçirilmişdir. Müzakirələrdə ATƏT məkanında mövcud münaqişələrin həlli imkanları, təhlükəsizlik sahəsində əməkdaşlığa dair ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumu, İsrail-Fələstin münaqişəsi və Fələstin dövlətinin yaradılması, Kosovodakı hazırkı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun sədri Erik Lebedel bildirmişdir ki, bu qurumun əsas fəaliyyətinin ATƏT ölkələri arasında hərbi sahədə dialoqun aparılması, silahların ləğvinə dair müzakirələrin təşkili və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.

Ermənistan parlamentinin təmsilçisi çıxışında qeyd etmişdir ki, dondurulmuş münaqişələr hərb yolu ilə həll edilə bilməz. Gürcüstanda baş vermiş hadisələr buna ən tutarlı nümunədir. Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir və Ermənistan bu təşəbbüsü dəstəkləyir. Lakin belə bir təşəbbüsü reallaşdırmaq üçün yeni düşüncə tərzinə ehtiyac vardır. Regiondakı bütün ölkələr öz tarixi keçmişinə cavabdehlik daşımalıdır. Bu səbəbdən də Ermənistan və Türkiyə arasında dostluq münasibətlərinin yaranmasında maraqlı olan bütün ölkələr Türkiyəyə öz tarixi keçmişini qəbul etməyə və “erməni soyqırımı”nı tanımaqda yardım göstərməyə çalışmalıdırlar. Məhz “erməni soyqırımı”nın tanınması hər iki ölkə arasında münasibətlərin formalaşmasına əhəmiyyətli töhfə vermiş olar.

Türkiyə parlamentinin təmsilçisi erməni deputatın fikrinə cavab olaraq bildirmişdir ki, Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı və təşəbbüsçüsüdür. Ermənistanla münasibətlərin qurulması üçün Türkiyənin “erməni soyqırımı”nı tanıması şərti isə qəbuledilməzdir. Türkiyənin təklifi bundan ibarətdir ki, hər iki ölkənin, eləcə də tərəfsiz tarixçilərin təmsil olunduğu müxtəlif elmi platformalar həmin tarixi məsələni elmi şəkildə araşdırmalıdır. Tarixi keçmişə aid mövzular siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.

İclasda ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Cənubi Qafqaz regionunda münaqişələrə dair fikirlərini söyləmişdir. Qoran Lenmarker bildirmişdir ki, “dondurulmuş münaqişə” termini yanlışdır, bundan sonra “həll olunmamış münaqişələr” məfhumundan istifadə etmək daha düzgün olardı. Hər il cəbhə bölgəsində orta hesabla 25-30 nəfər həlak olur, bu halda münaqişə dondurulmayıb. Dondurulmuş münaqişə anlayışı belə bir səhv təsəvvür yaradır ki, həmin vəziyyəti daim olduğu kimi saxlamaq mümkündür. ATƏT Cənubi Qafqazda silahların həcminin azaldılmasına çalışmalı, bu məsələdə Təhlükəsizlik Əməkdaşlığı Forumu öz töhfəsini verməlidir.

Q.Lenmarker, həmçinin münaqişənin həlli üçün Cənubi Qafqaz ölkələri deputatlarının iştirak etdiyi platformanın yaradılması ideyasını irəli sürmüşdür.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO