AQUPDK-da ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş keçirilmişdir

Avqustun 28-də Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilmişdir. Milli Məclis deputatlarının, parlamentin müvafiq komitə və şöbələri təmsilçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdikləri və AQUPDK ilə ATƏT-in Bakı ofisi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığı tədbirdə əsas diqqət “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə yönəldilmişdir.

Görüşü giriş sözü ilə açan AQUPDK-nın sədri Hicran Hüseynova rəhbərlik etdiyi komitə ilə ATƏT-in Bakı ofisi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu sahədə nümayəndəliyin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorelin səy və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirmişdir. H.Hüseynova tədbir iştirakçılarının diqqətini BMT-də Azərbaycanın 4-cü dövri hesabatının müzakirəsinin nəticələrinə yönəldərək, bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizdə zorakılığın bütün təzahürlərinə, xüsusilə qadınlara qarşı ayrı-seçkilik hallarına qarşı barışmaz mübarizə aparıldığını yüksək qiymətləndirməsini məmnunluqla qeyd etmişdir.

Görüşün əsas müzakirə mövzusu olan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin vacibliyinə toxunan komitə sədri bu sənədin tezliklə qəbul edilməsinin vacibliyini önə çəkmişdir. Bildirmişdir ki, təkcə 2008-ci ildə ölkənin hüquq mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılıqla bağlı 4270 cinayət faktının qeydə alınması bu qanunun tezliklə qəbulunun vacibliyini bir daha təsdiqləyir. H.Hüseynova qanun layihəsinin hazırlanması və onun parlamentdə müzakirəsi prosesində ATƏT-in müvafiq strukturları, o cümlədən qurumun Bakı ofisi ilə əməkdaşlığın böyük səmərə verəcəyinə inandığını bildirmişdir.

ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel görüşə dəvət olunduğuna görə təşəkkürünü bildirərək, müzakirə edilən mövzunun – qadınlara qarşı zorakılığın bu gün bütün dünyanı ciddi narahat edən problemlərdən biri olduğunu diqqətə çatdırmışdır. ATƏT-in Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulunu dəstəklədiyini bildirən qonaq rəhbərlik etdiyi ofisin ailə, qadın, uşaq problemləri ilə məşğul orqanlarla, o cümlədən AQUPDK ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Ceyhun Qaracayev “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi üzərində işlənərkən ATƏT-in tövsiyələrinin nəzərə alındığını söyləmişdir.

Qadınlara qarşı zorakılığın qarşısının alınmasında təkcə inzibati metodların tətbiqinin yetərli olmadığını bildirən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, yeni qanundan həbsxana iyi gəlməməsinə, burada daha çox maarifləndirmə tədbirlərinə üstünlük verilməsinə nail olmalıyıq.

Milli Məclisin deputatı Elmira Axundova bu təklifi dəstəkləyərək yeni qanunda cəza tədbirlərinin sərtləşdirilməsi ilə məişət zorakılığının aradan qaldırılmasının mümkünsüzlüyünü vurğulamışdır. Bildirmişdir ki, bu problem mənəvi məsələ olduğuna görə yalnız cəmiyyətdə maarifləndirmə yolu ilə köklü dəyişikliklərə nail olmaqla onun çözülməsi mümkündür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO