Amnisitiya aktı bu gün parlamentdə müzakirə olunacaq

9 mindən artıq şəxsə şamil olunması gözlənilən “Amnistiya aktı haqqında” qanun layihəsi parlamentdə qəbul olunsa, onun icrası 4 ay müddətində həyata keçiriləcək

9 mindən artıq şəxsə şamil olunması gözlənilən “Amnistiya aktı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən layihədə yüngül cəzalı, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı bir qrup şəxsin cəzasının yerdə qalan hissəsindən azad olunması nəzərdə tutulur.

Sənəd parlamentdən keçsə, onun icrası 4 ay müddətində həyata keçiriləcək. Qanun layihəsinə görə, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətlərə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanların azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir.

Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onların cəzadan azad edilmələri təklif edilib.

Təqribən 9 min şəxsin amnistiyanın təsiri altına düşməsi ehtimal edilir. Onlardan 1700-dək məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

Xatırladaq ki, sonuncu dəfə ölkədə amnistiya aktı 2007-ci ilin mayında qəbul edilib. Bu qərar 10 minə yaxın məhbusa şamil olunmuşdu. /ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO