Aktauda fevral ayı Xocalı ayı elan edilib

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu və Qazaxıstan Respublikasının qərb bölgələrində təhsil alan azərbaycanlı gənclər tərəfindən 21 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kompaniyası çərçivəsində 2013-cü ilin fevral ayını Xocalı ayı elan etmişdir.
Trend-in məlumatına görə, Xocalı ayı çərçivəsində Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının informasiya məkanında 2013-cü ilin fevral ayında www.xocali.kz saytını yaratmışdır. Rusdilli oxucular üçün nəzərdə tutulmuş sayt “Xocalı soyqırımı, Xocalıya ədalət” adı ilə yaradılmış və Qarabağ, Xocalı, fotoarxiv, videoarxiv və müraciətlər bölmələrindən ibarətdir.
Xocalı soyqırımı ilə bağlı Baş konsulluq tərəfindən Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı siniflərində oxuyan şagirdlər arasında “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə çox saylı gənc və yeniyetmə iştirak etmişdir. Müsabiqənin keçirilməsi ölkəmizdən kənarda doğulmuş və yaşayan gənclər arasında Xocalı faciəsi barədə geniş təsəvvür yaratmaq, onların xalqımıza qarşı törədilmiş cinayətlər haqqında daha ətraflı məlumatlar alması məqsədini daşımışdır.
Xocalı ayı çərçivəsində Baş konsulluq tərəfindən həmçinin, Aktau şəhərində gənclər arasında çox populyar olan və rep üslubunda oxuyan azərbaycanlı gənc musiqiçilər arasında “Xocalı soyqırımı” mövzusunda yazılmış musiqi layihələrinin dəstəklənməsini həyata keçirmişdir.
Gənc soydaşımız Elşən Mehdiyev tərəfindən bəstələnmiş və müəllif tərəfindən ifa edilən “Biz Xocalıya ədalət tələb edirik” (rus dilində), İlkin Şıxverdiyev tərəfindən bəstələnmiş və Royal Quliyev ilə birgə ifa olunan “Soyqırım” mahnılarının studiyalarda yazılması, səsləndirilməsi və həmçinin mahnılara kliplərin çəkilməsi üçün Baş konsulluq tərəfindən hərtərəfli yardım göstərilmişdir.
23 fevral 2013-cü il tarixində Baş konsulluq tərəfindən Aktau şəhərinin RENEISSANSE-Aktau otelində Xocalı şəhərində şəhid olmuş soydaşlarımızın anım mərasimi keçirilmişdir. Mərasimdə, Manqistau vilayətində yaşayan soydaşlarımızla yanaşı vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların üzvləri, KİV nümayəndələri və gənclər iştirak etmişlər.
Tədbirdə iştirak edənlər əvvəlcə tədbir keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar ilə tanış olmuşlar.
Tədbirin əvvəlində azərbaycanlı gənclər tərəfindən “Qanlı yaddaşımız kompozisiyası nümayiş etdirilmişdir. Kompozisiyada Xocalı soyqırımı haqqında video çarx nümayiş etdirilmiş, tələbə gənclərimiz Aidə Əliyeva və Aytən Məmmədova tərəfindən şeirlər səsləndirildi, İlkin Şıxverdiyev və Royal Quliyevtərəfindən “Soyqırım” mahnısı ifa olundu.
Tədbirin rəsmi açılışında erməni işğalçıları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında məlumat verdi və İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kompaniyası çərçivəsində Baş konsulluq tərəfindən görülən işlər haqqında məlumat verdi və Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini mərasim iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin” rəhbəri professor Yusif Quliyev çıxış edərək, ermənilər tərəfindən xalqımıza qarşı uzun illər boyu həyata keçirdikləri vəhşiliklər haqqında danışdı.
Çıxışlardan sonra Baş konsulluq tərəfindən yaradılmış Xocalı.kz saytının təqdimatı keçirildi.
Tədbirdə həmçinin, Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı siniflərində oxuyan şagirdlər arasında keçirilmiş “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri elan edildi və qaliblər Aktau şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Janna Qordiyenko və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetin I kurs tələbəsi Fatimə Hümbətova çıxışlar etdilər.
Tədbir sonunda Elşən Mehdiyev tərəfindən “Biz Xocalıya ədalət tələb edirik” mahnisi səsləndirildi və tədbir iştirakçıları tərəfindən üzərində müxtəlif dillərdə “Xocalıya ədalət” sözləri yazılmış qara şarların səmaya buraxılması ilə başa çatdı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO