ADQ İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının islam işləri naziri ilə görüşüb

Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov çərşənbə günü Krallığın islam işləri, vəqflər, dəvət və irşad naziri Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx və nazirliyin rəhbərliyi ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar və səmimi şəraitdə keçən görüşdə Elşad İskəndərov səfərə rəsmi dəvətə görə təşəkkürünü bildirib, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib.
Daha sonra İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib.
Öz növbəsində, Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx Səudiyyə Ərəbistanındakı tarixi-dini ənənələr, dövlətin din siyasəti, rəhbərlik etdiyi nazirliyin strukturu, həyata keçirdiyi işlər barədə geniş danışıb.
Söhbət zamanı əməkdaşlıq perspektivləri, hər iki dövlət qurumunun birgə reallaşdıra biləcəyi layihələr müzakirə olunub, müvafiq razılıqlar əldə edilib.
Görüşdə, xüsusilə, müasir dünyada mövcud olan islamafobiya, radikal dini dünyagörüşləri müzakirə edilib, bu istiqamətdə görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müzakirə edilmiş əməkdaşlıq imkanlarının əks olunacağı memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına səfər çərçivəsində DQDİK sədrinin bu ölkənin həcc naziri, Dinlər və Mədəniyyətlərarası Dialoq üzrə Milli Mərkəzinin və Daxili İşlər Nazirliyinin Şahzadə Nalf adına Reabilitasiya Mərkəzinin rəhbərlikləri, həmçinin bir sıra digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO