ADA Britaniyanın Ridinq Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Diplomatik Akademiyası (ADA) Böyük Britaniyanın aparıcı ali təhsil ocaqlarından biri olan Ridinq Universiteti ilə anlaşma memorandumu imzalayaraq yeni əməkdaşlığın təməlini qoyub.
ADA-nın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, sənəd Ridinq Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Stiven Mitenin başçılıq etdiyi nümayəndə heyətinin ADA-ya ziyarəti zamanı akademiyanın prorektoru Fariz İsmayılzadə ilə birgə imzalanıb.
Tərəflər birgə akademik, tədqiqat və mədəni proqramlar üzərində çalışacaqları barədə razılığa gəliblər. Bu səylər, xüsusilə, ADA-da bakalavr pilləsində təhsil alan 3-cü kurs tələbələrinin Ridinq Universitetinə təhsil mübadiləsi proqramına göndərilməsi, akademiyanın ingilis dili tədrisi ilə məşğul olan müəllimlərinin Ridinq Universitetində təkmilləşdirmə təlimlərində iştirak etməsi ətrafında cəmləşdiriləcək.
Qeyd edək ki, 1892-ci ildə təsis edilən Ridinq Universiteti elmi tədqiqat proqramları ilə tanınır və dünya universitetlərinin reytinqini müəyyənləşdirən nüfuzlu “Times Higher Education” sorğusu tərəfindən ali təhsil müəssisələri arasında ən irəlidə olan ilk 1%-lik ali məktəblər sırasına aid edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO