ABŞ Enerji Departamentinin Livermol Beynəlxalq Laboratoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əlaqələrin genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib. Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşları Rengin Gök və Robert Mellors Azərbaycanda səfərdədir. Amerikalı alimlər səfərləri çərçıvəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.
AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər barəsində məlumat verib. RSXM-in “Zəlzələ ocaqlarının dinamikası və kinematikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova Azərbaycan ərazisində baş verən zəlzələlərin müasir üsullarla öyrənilməsinə dair təqdimat edib.