Aprelin 10-da hökumət nümayəndələrinin Azad Fikir Universitetinin (AFU) ofisini möhürləməsi barədə xəbərin ardınca ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar əvvəlcədən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir Azad Fikir Universitetinin ofisinin bağlanması barədə məlumatdan məyus olduğunu bildirib.
O vurğulayıb ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır, lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.
“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma bu həm də praqmatik mülahizələrə əsaslanıb, – Morninqstar qeyd edib. – Keçmiş dövlət katibi Klintonun Bakıya səfərində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrlədir. Bizim dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü tərəfdaşlarımızdır”.
Qeyd edək ki, bu gün Azərbaycan Baş Prokurorluğu yaydığı açıqlamada kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirərək bu xəbəri qəti şəkildə təkzib edib.