Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanına bu cür ictimai reaksiyaya ən böyük səbəb onun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən və Ermənistandan qovulan azərbaycanlı məcburi köçkün və qaçqınlara qarşı təhqiramiz ittihamlar edilməsidir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “The Washington Post” qəzetində Əylisli ilə bağlı məqaləyə cavab olaraq həmin qəzetdə dərc olunmuş Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbovun məktubunda deyilir.
Talıbov məktubda qeyd edir ki, Əylislinin romanı Azərbaycanda qızğın müzakitələrə səbəb oldu və bu, bir daha göstərir ki, Dağlıq-Qarabağ münaqişəsi azərbaycanlılar üçün ən ağrılı məsələdir.
“Mən hesab edirəm ki, hüquq müdafiəçiləri etnik təmizləməyə məruz qalan azərbaycanlıların hisslərini başa düşməlidir”, – məktubda qeyd olunur.
Məqalədə qeyd olunur ki, Milli Məclisin deputatları və hüquq-mühafizə orqanlarının rəsmiləri açıq şəkildə bəyan etdilər ki, Əylisliyə qarşı heç bir zorakılıq çağırışı olmayıb. Azərbaycanı və yaxud onun parlamentini hər hansı bir şəxsə hücum etməkdə ittiham etmək ABŞ-ı onun bəyanatlarına və ayrı-ayrı siyasətçilərinin sözlərinə görə ittiham etməyə bənzəyir.