Hyuston şəhərində Hyuston-Bakı qardaşlaşmış şəhərlər assosiasiyası (HBSCA) Hyustonun San Tomas (University of St.Thomas) Universiteti ilə birgə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş konfrans təşkil olunub.
Trend-in məlumatına görə, konfransın əvvəlində Hyuston şəhəri hakimiyyəti adından 26 fevralın “Xocalını anma günü” elan olunması barədə müraciət oxunub, həmçinin, Texas Ştatı senatının Xocalı soyqırımının 21-ci ildönümünün anılması haqqında qətnaməsi təqdim olunub.
Həmin qətnamədə bu faciənin etnik təmizləmənin müasir tarixdə ən pis nümunəsi olduğu, bir çox insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, habelə hər il yeni-yeni ABŞ ştatların bu faciəni tanıdığı qeyd edilir. Burada, həmçinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu bildirilir və bu faktın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası qətnamələri tərəfindən pislənildiyi vurğulanır.
Bundan əlavə, ABŞ Konqresinin üzvü Şeyla Cəkson Li (Sheila Jackson Lee) tərəfindən Hyuston şəhərindəki Azərbaycan Mərkəzinə göndərilmiş Xocalı faciəsinin anılması və Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirilməsi barədə ABŞ Konqresi sertifikatı (Certificate of Congressional Recognition) təqdim edilib.
Konfrans zamanı San Tomas Universitetinin professorları Hans Stokton və Jan-Filip Faletta, Hyuston Universitetinin professoru Rayan Kennedi, HBSCA-in prezidenti İradə Axundova, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, AZE.az internet xəbərlər portalının təsisçisi Elxan Ağamirzə və HBSCA-in direktoru Riyad Əfəndi məruzəçilər qismində çıxış ediblər.
Məruzəçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və gərçəklikləri, eləcə də, bu münaqişənin regional sabitlik və təhlükəsizliyə təhdidi, Xocalı soyqırımı, regional liderə çevrilmiş Azərbaycanın ABŞ-la əlaqələri və digər mövzularda çıxışlar edib, auditoriyanın suallarını cavablandırıblar.
Tədbirdə, həmçinin, Hyuston şəhərində Türkiyənin konsulu Səlim Topçu və Yunanıstanın konsulu Georgios Papanikolau, San Tomas Universitetinin işçi və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak edib.