ABŞ Konqresinin Alt Komitəsi Amerika vergiödəyicilərinin 10 milyon dollarını Dağlıq Qarabağa ayıracaqdır

ABŞ Konqresinin Dövlət və Xarici Əməliyyatlar üzrə Alt Komitəsi iyunun 17-də 2010-cu maliyyə ili üçün büdcəni təsdiqləmişdir. Alt Komitənin qərarına görə, büdcədən 48,843 milyard dollar Birləşmiş Ştatların milli təhlükəsizliyinin təmin olunmasına və antiterror səylərinə, diplomatik əlaqələrin bərpasına, səhiyyəyə və QİÇS-lə mübarizəyə, eləcə də müxtəlif ölkələrə yardım kimi ayrılacaqdır.

Alt Komitənin sədri, Konqresdə Nyu-York ştatını təmsil edən demokrat Nita Loui bildirmişdir ki, dünyadakı müttəfiqlərimiz və tərəfdaşlarımıza terrorla mübarizədə yardım göstərmək təhlükəsizliyimizə yatıra biləcəyimiz ən mühüm sərmayədir.

Lakin, Cənubi Qafqaz bölgəsinə gəldikdə ABŞ qanunvericilərinin sözləri əməlləri ilə üst-üstə düşmür. Belə ki, üzvləri arasında erməni məsələləri üzrə işçi qrupunun fəalları olan alt komitə Obama hakimiyyətinin tövsiyələrini qulaq ardına vuraraq Azərbaycana və Ermənistana ayrılan hərbi yardımı bərabərləşdirmiş, Dağlıq Qarabağın separatçı rejiminə isə Amerika vergiödəyicilərinin 10 milyon dollarını ayırmaq haqda qərar vermişdir.

ABŞ Konqresinin bu məntiqsiz qərarına münasibət bildirən ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov vurğulamışdır ki, Amerika vergiödəyicilərinin pullarının Azərbaycanda bəşəriyyətə qarşı cinayətlər törətmiş Ermənistan ordusuna göndərilməsi tamamilə qəbulolunmazdır. O, şəbəkə üzvlərini öz konqresmen və senatorları ilə əlaqə saxlayaraq məsələ ilə bağlı etiraz bildirməyə çağırmışdır. Qanun layihəsi bir həftədən sonra Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin tam tərkibində səsə qoyulacaqdır.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO