AŞ PA dondurulmuş münaqişələrin həlli üçün əlindən gələni edəcək – qurumun yeni sədri

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) dondurulmuş münaqişələrin həlli üçün əlindən gələni edəcək. Trend News-un məlumatına görə, bu fikirləri bazar ertəsi AŞ PA-nın yeni sədri, Türkiyənin qurumdakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllində AŞ PA-nın roluna münasibət bildirərkən deyib.

“Avropa Şurasında dondurulmuş münaqişə adlandırılan Dağlıq Qarabağ probleminin həlli Avropa nöqteyi-nəzərindən çox önəmlidir. Bu, həllini gözləyən bir məsələdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də son dövrlər İsveçrə bu münaqişənin həllində səylərini davam etdirir. Əldə olunacaq razılıq ikitərəfli olmalıdır. Türkiyə-Ermənistan arasındakı razılaşma da regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək. AŞ PA olaraq, bu münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik. Müharibə bizim qitənin problemləri üçün həll yolu deyil”, – AŞ PA sədri əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO