30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər günü Azərbaycanın beş şəhərində qeyd ediləcək

30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər günü Azərbaycanda da qeyd ediləcək. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) media ilə əlaqələr bölməsindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ailələri avqustun 25-dən 30-na kimi Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün Azərbaycanın beş şəhərində – Şəmkir, Gəncə, Ağcabədi, Bərdə və Bakıda toplaşacaqlar.

BQXK-nın Bakıdakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi Yelena Miloşeviç Lepotiç deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs sazişinin imzalanmasından 15 il keçsə də, 4500-dən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib: “Günlər ötdükcə bu ailələr bütün həyatlarını bir məqsədə yönəldirlər: öz yaxınlarının taleyi barədə bilmək, cavab almaq istəyirlər. Gözləmə və ümid içində keçən bu illər ərzində onlara qüvvə verən öz əzizlərinin xatirələridir.

Y.Miloşeviç Lepotiç qeyd edib ki, Azərbaycandakı bütün itkin ailələri BQXK, yerli təşkilatlar və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün həvəsləndirilirlər: “Biz onları itkin düşmüş şəxsin istifadə etdiyi və ya çox xoşladığı, həmin şəxsdən ötrü xüsusi məna kəsb etmiş əşyanı gətirməyə və həmin əşya ilə bağlı əhvalatı bölüşməyə dəvət etmişik. Burada ideya onu göstərməkdən ibarətdir ki, hər bir itkin şəxs özünün şəxsi həyatı, işi, ailəsi, məşğul olduğu əyləncə və zövqləri, çaldığı musiqi aləti, iştirak etdiyi idman növü ilə ayrıca bir fərd və icmanın bir üzvü idi”.

Beş şəhərdə təqdim olunacaq əşyaların şəkilləri və itkin düşmüş şəxslərin bu əşyalarla bağlı əhvalatları BQXK tərəfindən ayrıca kitabçada nəşr olunacaq. Bu mərasim zamanı həmçinin itkin ailələrinin yerli QHT nümayəndələrinin təmin etdiyi hüquqi, ictimai və psixoloji yardımdan faydalanmaq imkanı olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO