Əbədiyaşar lider

“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə

Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında daim diqqəti Azərbaycanın müstəqillik tarixinə yönəldərək, bu fikri bəyan edir ki, möhkəm təmələ əsaslanan siyasət gələcəyin aydın mənzərəsini yaradır. Dövlət başçısının müstəqilliyimizin yenidən bərpasının 20-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir.» Bu fikirlər bir daha belə bir reallığın təsdiqidir ki, dövlət qurmaq, müstəqil, azad yaşamaq, gələcəyə böyük inamla irəliləmək heç də bütün xalqlara nəsib olmur. Hər bir dövlətin inkişafı, uğurları siyasi lider amili ilə sıx bağlı olur. Heydər Əliyev-Azərbaycan, eyni zamanda Azərbaycan-Heydər Əliyev ifadələri əbəs yerə qeyd olunmur. Çünki istər Azərbaycanın tarixində, istərsə də xalqımızın yaddaşında ümummilli lider Heydər Əliyev müstəqil, azad, suveren dövlətin simvolu kimi qalıb və qalacaqdır. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.» Məhz bu fonda aparılan təhlillər bir daha bu fikrin reallığa söykəndiyini təsdiqləyir ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Müstəqilliyimizin ilk illərində yaşanan duruma diqqət yetirən hər kəs Azərbaycanın bu gün iqtisadi möcüzələr ölkəsi kimi tanınmasından, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsindən, dünya birliyinin fəal üzvünə çevrilməsindən, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsindən ancaq və ancaq təəccüb hissi keçirir. Çünki Azərbaycan o illərdə «olum, ya ölüm» dilemması qarşısında qalmışdı. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın bir-birinin ardınca işğalı və s. kimi problemlər həmin dövrün səciyyəvi xüsusiyyətləri idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı hər zaman qeyd olunduğu kimi, bu gün də təkrarına böyük ehtiyac duyulan bu fikrin yaranmasına səbəb oldu- Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Təbii ki, bu fikirdə böyük məna, bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən bir hikmət var. Məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Siyasi xəritədə nüfuzu, önəmi bütün dünyada etiraf edilən Azərbaycan adlı bir dövlət müstəqilliyini, varlığını bərpa etdi. Ümummilli lider Heydər Əliyev bəyan etmişdir: « Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.»

Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə də gördüyü işlər, atdığı biri-birindən əhəmiyyətli addımlar tarixi əhəmiyyət daşıyır. Ulu Öndər inanırdı ki, Azərbaycan öz müstəqilliyini bərpa edəcək, azadlığına qovuşacaq. İnsanların daim arzusunda olduğu müstəqilliyin əldə olunacağına inandığı üçün o dövr üçün zəmin də hazırlayırdı. Gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla azərbaycanlı gənclərdən ibarət milli zabit kadrların yaradılması da bu məqsədə xidmət edirdi. Ulu öndər Heydər Əliyev həmin illərdə Bakıda və respublikanın bir çox rayonlarında sənaye müəssisələrinin, zavod və fabriklərin açılmasını təmin etdi. Təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına nail oldu. Lakin ölkəmizin belə təkamül yolu ilə qüdrətlənməsini istəməyən qüvvələrin mənfur siyasəti nəticəsində görülən işləri tam başa çatdıra bilməyən Ulu Öndər Heydər Əliyev istəklərini 1993-cü ildən sonra həyata keçirdi. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı istədiyi səviyyəyə yüksəltdi. Dahi şəxsiyyət Heydər Əliyevin proqram xarakterli «Biz öz daxili siyasətimizdə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də, Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin» fikri görüləcək işlərin, müəyyənləşdirilən inkişaf konsepsiyasının aydın mənzərəsini yaratdı.

Demokratikləşmə dövlət siyasətinin strateji prioritetinə çevrildi

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı «İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərmanda, «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirmişdir: «Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin.»

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı bütün dövrlərdə demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

Dövlətin siyasətində vətəndaş amilinin öndə dayanması atılan hər bir addımda özünü qabarıq şəkildə büruzə verir. Ulu öndərin «Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur» fikri də insan hüquq və azadlıqlarının qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi də bu qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Bu fikir beynəlxalq ekspertlərin rəylərində də öz əksini tapır. Lakin siyasətində daim yeniliyə, müasirliyə önəm verən dövlətimiz Seçki Məcəlləsinə də zaman-zaman dəyişikliklər edərək, bu və ya digər yeniliklərin bu sənəddə öz əksini tapmasına səy göstərir.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir. Demokratiyanın qanunun aliliyinin, ictimai-siyasi sabitliyin mövcudluğu şəraitində inkişaf etdiyini önə çəkən dövlətimiz daim bu istiqamətdə təkmil qanunların qəbuluna və icrasına çalışır. Bir faktı da böyük inam və qətiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü inkişafına, demokratiya yolunun işıqlı olmasına səbəb uğurlu daxili siyasət nəticəsində ölkəmizin sabitlik diyarına çevrilməsidir. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir inkişafdan, sosial-iqtisadi proqramların icrasından söhbət gedə bilməz. Sabitlik bütün inkişafın təməlidir. Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması oldu. Ulu öndər Heydər Əliyevin səyləri və qətiyyəti sayəsində bu yolda olan maneələr aradan qaldırıldı, istər daxili, istərsə də xarici bədxahlarımızın cəhdlərinin qarşısı alındı, ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev AŞPA-nın ilk sessiyasında çıxışı zamanı bir daha bəyan etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır. Azərbaycan kimi sabit, demokratik, dayanıqlı iqtisadi inkişafa malik ölkə təbii ki, dünya üçün önəmlidir.

«Əsrin müqaviləsi»: İqtisadi tərəqqinin əsası

Azərbaycan daim yerləşdiyi çografi məkana, mailk olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Lakin bu diqqət və maraq ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da artmağa başladı. Bunun da səbəbləri məlumdur. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasına stimul verdi. Ölkəmizə artan inamın göstəricisi kimi 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanmasını qeyd etmək kifayətdir. «Əsrin müqaviləsi» Azərbaycanın bugünkü iqtisadi inkişafının təməli oldu. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadənin vacibliyini bəyan edən ulu öndər Heydər Əliyev eyni zamanda dünya təcrübəsinə istinadən bu fikri də bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Bir əsas məqamı da qeyd edək ki, «Əsrin müqaviləsi»nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Bu saziş Azərbaycanın hər bir sahədə inkişafını sürətləndirdi. Dövlətimiz bu addımı ilə eyni zamanda dünyaya sülh siyasətinə sadiq olduğunu bəyan etdi. Dövlət müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordunun formalaşdırılması, möhkəmləndirilməsi üçün mühüm addımlar atıldı. Atılan addımlar ulu öndər Heydər Əliyevin bu fikirləri böyük qətiyyətlə söyləməsinə əsas yaratdı: «Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu- respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Silahlı Qüvvələri vardır.»

İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını təmin etdi. «Əsrin müqaviləsi» Azərbaycana investisiya axınını sürətləndirdi. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı günbəgün artdı və bu imzalanan sazişlərdə aydın ifadəsini tapdı. Neftin Azərbaycan xalqının böyük sərvəti olduğunu bildirən ulu öndər Heydər Əliyev əldə olunan gəlirlərin səmərəli, düzgün istifadə edilməsini təmin etmək məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasının zərurət olduğunu bildirdi. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını təmin edir.

Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətənidir!

Ulu Öndər Heydər Əliyev bildirmişdir: «Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.»

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi ulu öndər Heydər Əliyevi daim düşündürən məsələ olmuşdur. Qeyd edək ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunmuşdur.

Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq konsepsiyası, bütün türk dünyasının birliyi ideyası, Azərbaycan dili və ədəbiyyatı, milli-mənəvi, dini dəyərlərimiz, hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir. Onun siyasətinin, fəaliyyətinin fəlsəfı kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azərbaycançılıq məfkurəsi dayanırdı. Ulu Öndər Heydər Əliyev «Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir» deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar əlavə etmişdir. O, dünya azərbaycanlılarını bir ideya-azərbaycançılıq ətrafında sıx birləşməyə çağırdı. Dahi şəxsiyyət xaricdə yaşayan azərbaycanlıların birliyi və təşklatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşdı. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu Öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etdi, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzaladı, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin qurultayda proqram xarakterli nitqi Azərbaycan diasporu qarşısındakı vəzifələri, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Qurultaydan bir neçə ay sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəyliyi yüksək səviyyədədir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin daha da qüdrətlənməsinə öz töhfəsini verməyə çalışır.

Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönumu və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Mehriban xanım Əliyeva «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» sərlövhəli nitqində dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini belə dəyərləndirir: «Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömürünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.»

Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond ilk gündən humanist və xeyirxahlıq aksiyalarının keçirilməsində böyük təcrübə toplayıb. Fondun xarici ölkələrdə keçirdiyi tədbirlər Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasında əhəmiyyətli rol oynayır. Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət» kampaniyasına dünyada dəstək verənlərin sayı artmaqdadır. 2015-ci ildə keçiriləcək ilk Avropa oyunlarının müxtəlif ölkələrdə təşkil olunan təqdimat mərasimləri Azərbaycanın iqtisadi, siyasi və diplomatik uğurlarının göstəricisidir. Fondun xətti ilə keçirilən müxtəlif beynəlxalq konfranslarda dünya gənclərini, qadınlarını düşündürən problemlərin müzakirəsində iştirak edənlər Azərbaycanın uğurlarına heyran olduqlarını bildirirlər. Azərbaycanın tarixi abidələrinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidməti, təşəbbüsüdür. Fondun ayrı-ayrı sahələri əhatə edən tədbirləri, layihələri davamlılığı ilə diqqət çəkir.

Azərbaycanın uğurlu inkişafında Yeni Azərbaycan Partiyasının rolu böyükdür

«YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.» Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. Arxada qalan hər gün, hər ay, hər il baş verən hadisələri daha düzgün təhlil etmək, dəyərləndirmək üçün əlavə imkanlar yaradır. Bu baxımdan ki, bu günümüzü dünənimizlə müqayisə etdikdə böyük dəyişikliyin, yeniliyin şahidi oluruqsa, təbii ki, bu inkişafa yol açan əsas amili dəyərləndirməyə böyük zərurət yaradır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrdə ölkənin hansı durumda olduğu yaddaşlardadır. Dövlət başçısı İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikri bir daha xatırlatmaqla Yeni Azərbaycan Partiyasının yaradılmasının məqsəd və məramına aydın işıq salmış olarıq: «1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir.»

Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlarının bələdçisi və iştirakçısıdır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu YAP möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi istiqamətində ciddi səylər göstərir. Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən «91-lər»in müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabında ifadə etdiyi inamın təsdiqidir: «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.» Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə daha böyük vəzifələrlə irəliləmişdir. Sıralarında 640 mindən artıq üzvü birləşdirən partiyanın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində qələbəsini də şərtləndirir. Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparan Yeni Azərbaycan Partiyasının bugünkü hədəfi yüksək rifah, davamlı inkişaf və quruculuqdur. «Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq» söyləyən Prezident İlham Əliyev bildirir ki, siyasət ilk növbədə, praktik işlərdir: «Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz – bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir.»

2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir

«Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.» Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə ölkə Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər möhtərəm Prezidentin 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm» fikrinin davamı olmaqla yanaşı, verilən vədin konkret əməli işdə təsdiqini tapması üçün göstərilən səylərin aydın ifadəsidir. Həmin andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə böyük inamını ifadə edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, qarşıya qoyulan vəzifələri həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm.»

Prezident İlham Əliyevin hər bir vədini konkret əməli işdə təsdiq etməsi onun 2008 və 2013-cü il prezident seçkilərində növbəti qələbələrini təmin etmişdir. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsini prioritet vəzifə kimi qarşıya qoyan cənab İlham Əliyev regionların potensialından səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra edilir. Təkcə cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub ki, bunun da 11 milyard dolları daxili sərmayədir. Valyuta ehtiyatlarımız 53 milyard dollardır. Adambaşına düşən valyuta ehtiyatlarımız dünya miqyasında ən yüksək səviyyədədir. Son on ildə regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bir milyon 300 min yeni iş yeri açılıb. Cari ilin ötən dövründə yüz mindən çox yeni iş yeri açılıb ki, bunun 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının icrası nəticəsində yoxsulluq həddi son on ildə 49 faizdən 5,3 faizə enib.

İqtisadi tərəqqi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir. «Bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma biz bu çağırışlara hazırıq.» Dövlət başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikir Heydər Əliyev siyasətinin bu gün uğurla davam etdirilməsinə əsaslanır. Dövlət başçısının bildirdiyi kimi, dahi şəxsiyyətin qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur. O dövlət ki, onunla hesablaşırlar, məsləhətləşirlər. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun, çəkisinin təsdiqidir. Ən əsası bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmaqla yanaşı, əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan kimi qəbul olunur və dəyərləndirilir. Bir sözlə, bu gün Azərbaycan, sözün əsil mənasında, öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev 2013-cü il andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırmışdır: « Son on ilin təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.»

Andiçmə mərasimində dövlət başçısı İlham Əliyev ölkəmizin son on ildə qazandığı uğurları bir daha diqqətə çatdıraraq bildirmişdir ki, bugünkü reallıqlar Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına qazanılıb. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq.

Azərbaycan son on ildə uğurlu sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ alıb. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə uyğunlaşdırılması uğurların davamlılığını təmin etməklə yanaşı, ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin iqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirməsi ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinin davamı kimi qəbul olunur. Prezident İlham Əliyev çıxışlarında bu reallığı da xüsusi vurğulayır ki, «Əsrin müqaviləsi» ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil oldu. Bu müqavilə imzalanmasaydı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. «Əsrin müqaviləsi» Azərbaycanı dünyada tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi, ölkəyə böyük həcmdə investisiyalar gətirdi. Azərbaycan bu gün nəinki öz, eyni zamanda tərəfdaşlarının maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir. Daim vurğulandığı kimi, uğurlu başlanğıc yeni-yeni vəzifələrin, hədəflərin müəyyənləşdirilməsi üçün açardır.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin həyata keçirilməsi iqtisadi və siyasi mövqeyini möhkəmləndirməklə yanaşı maliyyə imkanlarını da genişləndirdi. Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Regional əhəmiyyətli bu layihə həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. «Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin artması neft strategiyasının uğurlu icrasının nəticəsidir.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Bu gün Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Ölkə iqtisadiyyatının flaqmanı olan ARDNŞ son illər 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələri özünü doğruldur. Ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. «Bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Bu il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyində «Cənub» qaz dəhlizinin təməlinin qoyulması da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artdığını təsdiqləyir.

İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsində də özünü qabarıq şəkildə büruzə verir. Əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası və s deyilənlərin təsdiqidir. Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Dövlət başçısı İlham Əliyev bildirir ki, siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: «Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük.»

Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir. Bu uğurlar sözsüz ki, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var.

Təbii ki, bu uğurların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu hər bir istiqamətdə uğurla davam etdirir. Azad mətbuatın inkişafına dövlət dəstəyi də davamlı xarakter daşıyır. Möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi onun azad mətbuatın inkişafına diqqət və qayğısının göstəricisidir. Cənab İlham Əliyevin sərəncamı ilə KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, sənədə uyğun olaraq KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar da mətbuat nümayəndələrini daha səylə çalışmağa, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməyə stimul verir. İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Bu baxımdan yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən il jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində diqqəti bu məsələyə yönəldərək qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Möhtərəm Prezidentimiz İlham Əliyev mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Azərbaycan gənc, müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. «Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır» söyləyən möhtərəm Prezidentimiz onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.

Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır

Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə təqdir olunur. Bu sənəd davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyi təbii ki, bugünkü reallıqlara əsaslanır. Bu gerçəkliklər dövlət başçısı İlham Əliyevin çıxışlarında daim vurğulanır: «Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir.» Azərbaycan bu inamla irəliləyir. 23 illik müstəqillik tarixinə malik olan ölkəmizin 1993-cü ildən bu günə qədər əldə etdiyi uğurlar bunu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da inamla addımlayacaq, inkişaf edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev 2013-cü il andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil olduğunu bildirmişdir. Təbii ki, bu amillər bugünkü reallıqlarımızdır.

Heydər Əliyev siyasətinin müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda qeyd etmək qeyri- mümkündür. Reallıq budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq. Yeni-yeni hədəflər bu inamın, əminliyin təsdiqidir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO