Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hökumətə məişət zorakılığı qurbanlarına birdəfəlik müavinətlərin verilməsini təklif edib. Bunu Trend-ə Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, müavinətin bütün məişət zorakılığına məruz qalan qurbanlara şamil edilməsi təklif edilir.
E.Səfərov hesab edir ki, müavinətin məbləği zorakılığın ağırlıq dərəcəsindən, formasından, nəticəsindən asılı olaraq, 4 kateqoriya üzrə dəyişməlidir.
Komitə rəsmisi əlavə edib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilib. Bununla yanaşı, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub.
E.Səfərov deyib ki, artıq bu məqsədlə Bakıda, eləcə də bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Səlahiyyətli dövlət orqanları nümayəndələrinin təmsil olunduğu monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər.
Regionda ilk dəfə olaraq, Azərbaycanda məişət zorakılığına məruz qalanlarla bağlı məlumat bankının (məlumat bankının administratoru və ona nəzarət edən AQUPDK-dır) yaradıldığını xatırladan E.Səfərov qeyd edib ki, monitorinq qruplarının işinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun nəticəsində zorakılığa məruz qalanlarla bağlı məlumatlar komitəyə elektron şəkildə ötürüləcək və vətəndaşın ərizəsi elektron şəkildə qeydiyyata alınacaq: “Həmin ərizəni elektron şəkildə mərkəzə göndərmək mümkün olacaq. Biz ərizə verən vətəndaşın hansı proseslərdən keçdiyini öyrənə biləcəyik, onun ərizəsi ilə bağlı aparılan işlərə sonuncu mərhələyə qədər nəzarət edəcəyik. Sonuncu mərhələ isə vətəndaşın tam sağlam şəkildə cəmiyyətə, ailəsinə, təhsil müəssisəsinə qaytarılmasıdır. Ona qədər isə reabilitasiya, təhsildən yayınma probleminin qarşısının alınması, zorakılığa məruz qalanlara tibbi, sosial yardımların göstərilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.