BMT-nin Uşaq Fondu (YUNİSEF) Azərbaycanda həyata keçirilən gənclər siyasətini alqışlayır. Bu barədə YUNİSEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Mark Hervord demişdir.
M.Hervord bildirmişdir ki, hazırda Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət aparılır, gənclərin dünyaya inteqrasiyası və cəmiyyətdə öz yerlərini tutmaları üçün bir çox layihələr və proqramlar həyata keçirilir. Mən heç bir ölkədə üç-dörd xarici dildə danışan və dünyada baş verən siyasi proseslərlə maraqlanan bu qədər gəncə rast gəlməmişəm. Ümidvaram ki, Azərbaycanda yetişən gənclər sürətli inkişafı davam etdirəcəklər.
YUNİSEF-in Azərbaycan hökuməti ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayan M.Hervord qeyd etmişdir ki, qurum səhiyyə, təhsil, uşaqların mühafizəsi və digər sahələrdə birgə layihələr həyata keçirir. BMT-nin Uşaq Fondu bu layihələrə kifayət qədər insan cəlb etməyə çalışır.
AzerTac