Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub.
İclasda qanuna tövsiyə olunan əlavələrdə imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi zamanı bir sıra məsələlərin təmin olunması öz əksini tapır. Əlavə və dəyişikliklərdə qeyd olunub ki, sürücülük vəsiqəsi üçün tələb olunan dövlət rüsumu yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməlidir. İmtahanlar zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi yaradılmalıdır.
Əlavələrdə nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera quraşdırılması nəzərdə tutulub. Həmçinin, nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda nəqliyyat vasitələri növbələri istisna edəcək sayda olmalı və imtahan verilən gün istehsal tarixi 5 ildən artıq olmayan nəqliyyat vasiətələrindən istifadə olunmalıdır. Əlavə və dəyişikliyə görə, sürücülər imtahandan 30 dəqiqə sonra sürücülük vəsiqəsini ala biləcəklər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.