Yeni universitetin yaratdığı ümidlər

Turizm sahəsinin ölkənin qeyri-neft sektorunun mühüm sektoru kimi inkişaf etməsini və onu iqtisadiyyatın ən dayanıqlı, rəqabətədavamlı sahəsinə çevirməyi qarşısına məqsəd qoyan Azərbaycan ölkəyə səfər edən turistlərin sayını yaxın 3-5 il ərzində 30-40 faiz artırmağı planlaşdırır. Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də ümid edir ki, 2020-ci ilədək Azərbaycana hər il beş milyon turist gələcək.

Ölkəyə gələn turistlərin sayının artırılması üçün isə peşəkar və keyfiyyətli kadr potensialının olması olduqca önəmlidir. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75 min nəfərdən çox olacaq.

Ancaq hazırda peşəkar kadr çatışmazlığı probleminin mövcud olması ölkəmizin böyük perspektivlərə malik turizm sahəsinin inkişafına mane olan səbəblərdəndir. Bu gün Azərbaycanda nəinki yüksək, həm də orta və aşağı səviyyəli xidmətləri təqdim etməyi bacaran personalın formalaşdırılmasına böyük ehtiyac var. 2006-cı ildə Azərbaycanda turizm təhsili verən yeganə ali təhsil müəssisəsi – Azərbaycan Turizm İnstitutu (ATİ) yaradılsa da, bu məktəb də məzunlarının çox hissəsinin turizm sektorunda çalışmasına baxmayaraq, ölkənin getdikcə inkişaf edən tuizm sənayesinin kadr tələbatlarını tam ödəyə bilmir.

Bu problemin həlli üçün bu gün Azərbaycanda fəaliyyət göstərən şəbəkə hotelləri öz işçilərinin kadr hazırlıqlarının yüksəldilməsinə imkan verən kurslar təşkil etsə də, nəzərə almaq lazımdır ki, bu tədbirlər ölkədə bütün hotelləri və turizm sahəsi üzrə fəaliyyət göstərən digər obyektləri əhatə etmir. Həm bu səbəb, həm də ölkəmizdə turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişaf turizm və menecment sahələri üzrə kadr hazırlığının daha yüksək səviyyədə təşkil edilməsi zərurətini yaradıb.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilə kimi ölkəmizin turizm sahəsində kadrlara olan tələbatı tam ödənilməyəcək. Həmin müddətə kimi turizmin ayrı-ayrı sahələri üzrə kadra olan tələbatın (sahələrdən asılı olaraq) 10-da birinin, yaxud 5-də birinin ödəniləcəyi gözlənilir. Kadrlara olan ehtiyac müəyyənləşdirilərkən həm ATİ-də, həm də ölkənin bir sıra ali təhsil müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadrlar nəzərə alınıb.

İnstitutun rektoru Cəfər Cəfərov Trend-ə bildirib ki, bu gün birbaşa turizm təhsili olmayan insanlar da turizm sahəsində çalışırlar. Ancaq turizm xidmətlərinin səviyyəsini yüksəltməkdən ötrü savadlı, peşəkar kadrlara daha çox ehtiyac var: “Bu günə qədər Azərbaycan Turizm İnstitutunun 995 nəfər məzunu olub. Bu, öz-özlüyündə böyük rəqəmdir. Hazırda institutun məzunları turizm sənayesində fəaliyyət göstərirlər. Buna baxmayaraq, kadrlara olan ehtiyac yenə də ödənilmir”.

C.Cəfərov deyib ki, məhz bu səbəblər ölkədə yeni ali təhsil ocağının – Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması zərurətini yaradıb: “Kadrlara olan ehtiyacın ödənilməsi üçün kadr hazırlığının yeni tələblər əsasında təşkil olunmasına ehtiyac vardı. Ona görə də ölkə Prezidenti belə zərurəti nəzərə alaraq, kadr hazırlığının daha geniş miqyasda həyata keçirilməsi üçün yeni universitetin yaradılması barədə sərəncam imzalayıb”.

C.Cəfərov deyib ki, kadr hazırlığı istiqamətində görülməli işlər çoxdur. Bu universitetin yaradılması bu işlərin görülməsinə, turizm sahəsində kadr hazırlığının daha yaxşı formada aparılmasına yeni imkanlar yaradıb. Yeni universitet turizm xidmətlərinin yeni səviyyəyə qaldırılmasına xidmət edəcək.

Qeyd edək ki, dövlət başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılması barədə sərəncam verib.

Nazirlər Kabineti Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlamalıdır. Sərəncamın icrası ilə bağlı digər müvafiq qurumlara da tapşırıqlar verilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO