Azərbaycanda yaxın zamanlarda 6 ayı tamam olan uşaqlara yeni vaksinin vurulmasına başlanacaq.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin artıq Azərbaycana gətirilib və nazirliyin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır.
Hazırda Səhiyyə Nazirliyi tərəfindən əmrin hazırlandığını deyən A.Əliyeva qeyd edib ki, fevralın sonuna qədər vaksinlər bütün rayon və şəhərlərin uşaq poliklinikalarına paylanacaq. Bundan sonra isə vaksinin tətbiqinə başlanacaq. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada inyeksiya vasitəsilə vurulacaq.
A.Əliyeva deyib ki, yeni vaksin olduqca təhlükəsizdir və orqanizm tərəfindən çox rahat qəbul edilir: “Onun heç bir yanaşı təsiri, reaksiyası yoxdur”.
Onun sözlərinə görə, hazırda uşaqlar 2, 3 və 4 aylıq olarkən oral (damcı) vasitə ilə poliomielitə qarşı peyvənd edilir. Yeni vaksin tətbiq edildikdən sonra da oral poliomielit vaksininin istifadəsi davam edəcək.