Yavər Camalov hesabat verdi


“Növbəti ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub”. Trend xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov nazirlikdə müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesində həyata keçirilən işlərdən danışarkən deyib.

Nazir qeyd edib ki, son illər müdafiə sənayesi sektoru inkişaf edib və Milli Ordunun müasir silahlarla təchiz edilməsi, kənardan asılılığının azaldılması istiqamətində xeyli işlər görülüb.

Y.Camalov bildirib ki, 2007-2014-cü illərdə MSN-də yenidənqurma və inşaat işləri nəticəsində 50-dən artıq yeni istehsal sahəsi yaradılıb. Bu il isə istehsal olunmuş müdafiə təyinatlı məhsulların həcmi 2010-cu illə müqayisədə 2,4 dəfədən çox olacaq: “Nazirliyin nəzdindəki müəssisələr tərəfindən 60 və 82 mm çaplı minaatanlar, PKT pulemyotu, “Xəzri” avtomatı, əleyhqaz, “Aerostar” tipli pilotsuz uçuş aparatları, əl qumbaraları, maskalanma torları, optik sistemlər, atıcı silah və zirehli texnikaların ehtiyat hissələri istehsal olunaraq sifarişçilərə çatdırılıb. Nazirliyin müəssisələrində 2014-cü ildə kapsulların istehsalı da mənimsənilib ki, bu da döyüş sursatlarının istehsalında xarici asılılığı aradan qaldırıb. 30 mm çaplı AQS-30 avtomatik qumbaraatanı üçün döyüş dəstinin, minaatanlar üçün sursatların, A-100 tipli gecəgörmə cihazının yaradılması başa çatdırılıb və seriyalı istehsala tövsiyə olunub. Eyni zamana 14.5 mm təkmilləşdirilmiş snayper tüfənginin, 7.62×51 mm çaplı başqa bir snayper tüfənginin zavod sınaqları aparılıb. Eyni zamanda MSN-in Milli Aerokosmik Agentliyində yeni sistemlərin yaradılması və istehsalı istiqamətində işlər görülüb”.

Nazir qeyd edib ki, Elmi-Tədqiqat İnstitutunda dövlət sifarişi üzrə 10 istiqamətdə mövzular işlənib: “Bunlar nəqliyyat vasitələri üzərinə silahların qurulması, yeni aviabombaların yaradılması, texnikaların modernləşdirilməsi, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması və s. ilə bağlı olub”.

Tədbirdə çıxış edən “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev bildirib ki, rəhbərlik etdiyi müəssisədə əsasən zirehli texnikanın təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşmış Bakı Cihazqayırma Zavodunda iki növ döyüş texnikasının modernləşdirilməsi proqramı həyata keçirilir: “İndiyədək onlarla döyüş texnikası modernləşdirilərək istifadəçilərə verilib. Müəssisəmizdə istehsal olunan Aviasiya sənayesi məhsulları Rusiyaya və digər ölkələrə ixrac olunur”.

“Dalğa” Elmi-İstehsalat Müəssisəsinin baş direktoru Mübariz Ağayev isə deyib ki, rəhbərlik etdiyi müəssisədə 37 adda silahın təmiri, eyni zamanda, iki növ müdafiə təyinatlı məhsulun istehsalı mənimsənilib. Bundan əlavə, zavodda yararsız silahların utilizasiyası da həyata keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin sərəncamı ilə orden, medal və fəxri adlara layiq görülmüş, əmək fəaliyyətində fərqlənmiş şəxslər təltif olunublar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO