Bu gün “Yeni Çağ” qəzetinin baş redaktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər və Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru, DAK Məşvərət Məclisinin sədr müavini Əli Hacı Türkiyəyə yola düşür.
Aqil Ələsgərin Lent.az-a verdiyi məlumata görə, “Yeni Çağ” qəzeti ilə Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da İstanbuldakı Taksim meydanındakı sərgi salonlarından birində Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək.
Bundan əlavə, Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırmaqdan ötrü qardaş ölkənin kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriləcək. Eyni zamanda Türkiyə telekanallarına, qəzetlərinə müsahibələr veriləcək. Fevralın 28-də isə Türk Dünyası Araşdırmalar Vəqfinin ofisində DAK və Türk Dünyası Araşdırmalar Vəqfi birlikdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirəcək.
Əli Hacı və Aqil Ələsgərin Türkiyənin müxtəlif ictimai-siyasi təşkilatlarıyla görüşləri olacaq. Onlara Xocalı soyqırımıyla bağlı ətraflı məlumat veriləcək. Bundan sonra səfər iştirakçıları Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşəcək. Burada DAK İdarə Heyətinin üzvü Məhəmməd Müştaqın rəhbərliyi altında qardaş ölkənin rəsmi şəxslərilə görüşlər keçirəcəklər. Onlar Xocalı qətliamını soyqırım aktı kimi tanıması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edəcəklər.