XİN: Ermənistan Prezidenti mövcud mürəkkəb vəziyyəti dərinləşdirir

Ermənistan Prezidenti Serj Sarkisyanın ziddiyətli və aqressiv bəyanatları ondan xəbər verir ki, bu ölkənin rəhbərliyinin gələcəyə baxışı yoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Sarkisyanın yanvarın 15-də Yerevanda Azərbaycanın ünvanına mənfi çıxışını şərh edərkən deyib.
“Belə təsəvvür yaranır ki, Ermənistan Prezidenti öz tamahkar məqsədinə çatmaq və Ermənistanın daxili və xaricində müəyyən dairələr tərəfindən bəyənilmək xatirinə onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirir”, – Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Sarkisyan Ermənistan və Azərbaycan xalqları arasında dərinləşən düşmənçilik görüntüsü yaratmağa nə qədər çalışsa da, Azərbaycanın praqmatik və uzaqgörən strategiyası bunun əksini göstərəcək.
“Azərbaycan həmişə dinindən asılı olmayaraq, müxətlif millətlərin tolerant və dinc şəraitdə mövcudluğunun mərkəzi olub və olacaq. Məsələn, hazırda ölkəmizdə 30 min erməni yaşayır”, – Abdullayev vurğulayıb.
Mətbuat katibinin sözlərinə görə, Sarkisyanın aqressiv ritorikadan regionun inkişafına böyük zərər yetirmək üçün istifadə etdiyi təsəvvürü yaranır.
Abdullayev deyib ki, Sarkisyanın ziddiyətli bəyanatları onun əsl niyyətlərindən xəbər verir.
“Özünü günahsız qurban kimi göstərməyə çalışan Ermənistan beynəlxalq hüququ pozmaqda davam edir. Ermənistan təcavüzkar dövlətdir və beynəlxalq ictimaiyyət onu belə tanıyıb, çünki ekspansiya və işğalın hüquqi dəstəyi ola bilməz”, – Abdullayev bildirib.
O qeyd edib ki, regionda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycan dəqiq mövqedən çıxış edir: Ermənistan qoşunlarının çıxarılması sülh danışıqlarının irəliləməsinə şərait yaradacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO