Xəlil Akıncı: Türk diasporlarının xarici ölkələrdə təmas nöqtələri yaradılmalıdır

Türk diasporlarının xarici ölkələrdə təmas nöqtələri yaradılmalıdır. Trend-in məlumatına görə, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Bakıda cümə axşamı keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə nazirləri və təşkilat rəhbərlərinin birinci iclasında bildirib.

“Həmin mərkəzlər türk diaspor təşkilatlarının ortaq məsələlərini həll etməli, onların qaldırdığı məsələləri təmsil etdiyi ölkənin dövlət rəhbərliyinə çatdırmalıdır”, – o deyib.

Akıncı qeyd edib ki, toplu halda türk diaspor təşkilatlarının vahid siyasət yürütməsini təmin etmək lazımdır. O, dünya türk diaspor rəhbərlərinin zirvə toplantısından əvvəl bir araya gəlməyi təklif edib.

Şuranın baş katibi bildirib ki, dünyanın hər yerində türk diasporları fəaliyyət göstərir və onların fəaliyyətinin koordinasiya olunması türklərə qarşı mənfi təbliğatların qarşısının alınması, türk imicinin dünyada qaldırılmasına yönəlməlidir.

Akıncı TÜRKPA-nın üzərinə parlament səviyyəsində diasporların fəaliyyətinə töhfələrin verilməsi üçün böyük iş düşdüyünü vurğulayıb.
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirdə bildirib ki, türkdilli ölkələrin fəaliyyətini koordinasiya etmək üçün daha sıx əlaqələr qurulmalıdır. O qeyd edib ki, Azərbaycan və Türkiyə diasporları çox sıx fəaliyyət göstərir və digər türkdilli ölkələrin də bu fəaliyyətə qoşulması vacibdir.
“Bu işdə birgə fəaliyyətlə hər hansı problemlərin həll olunmasına nail ola bilərik”, – komitə sədri deyib. O qeyd edib ki, Türkdilli ölkələrin diaspor təşkilatlarının inkişafı üçün Azərbaycan diasporu hər zaman əlindən gələni etməyə hazırdır, bu da türkdilli ölkələrin diasporlarının birləşməsinə şərait yaradacaq.
Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Talqat Mamaşev görüşdə bildirib ki, etnik qazaxların 1/3-i Qazaxıstandan kənarda yaşayır. O qeyd edib ki, qazaxlar dünyanın 40-dan çox ölkəsində və daha çox Çində (1,5 milyon), Özbəkistanda (1,5milyon), Rusiyada (1 milyon), Monqolustanda (150 min) yaşayırlar.
Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin Məşğulluq və miqrasiya məsələləri departamentinin direktoru Keştakbek Aytımatov isə iclasda bildirib ki, Azərbaycanda xeyli sayda qırğız yaşayır. “Bizim məqsədimiz onları bir araya gətirməkdir, çünki bu, turizm, mədəniyyət sahəsində iki ölkə arasında əlqələrin inkişafına töhfəsini verəcək”, – o deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO