Cenevrədə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan hüquqları üzrə yeni seçilmiş ali komissarı xanım Navanethem Pillay ilə görüşüb.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycanla İnsan Hüquqları üzrə Ali Komissarlığın ofisi arasında hazırkı əməkdaşlıq səviyyəsindən razılıqlarını bildirib, əməkdaşlığın istiqamətləri və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Ali komissar Azərbaycan tərəfindən insan hüquqları sahəsində həyata keçirilən islahatları və görülən kompleks tədbirləri müsbət qiymətləndirib. Xarici işlər nazirinin müavini ölkədə aparılan islahatlar, insan hüquqları və əsas azadlıqlarının təmin olunmasında həyata keçirilən tədbirlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticəsində insan hüquqlarının kobud və kütləvi pozuntusunun qurbanı olmuş qaçqın və məcburi köçkünlər, o cümlədən itkin düşmüş və girov götürülmüş insanlar barədə həmsöhbətinə məlumat verib.
Səfər çərçivəsində Xələf Xələfov ilə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Guteres arasında görüş keçirilib. Görüş zamanı Ali komissar Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunmasına yönəlmiş siyasətini yüksək qiymətləndirib, onların vəziyyətinin yaxşılaşdırılması, əhəmiyyətli sayda olan hissəsinin çadır şəhərciklərindən yeni qurulmuş qəsəbələrə köçürülməsini digər ölkələr üçün nümunə göstərdiyini qeyd edib. Tərəflər həmçinin Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlıq istiqamətləri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə beynəlxalq donorların cəlb olunmasında Ali Komissarlığın rolu, qaçqın və məcburi köçkünlər üçün yeni tikilmiş şəhərciklərdə təhsil, məşğulluq, səhiyyə sahəsində Azərbaycan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən birgə layihələrin işlənib hazırlanması, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.