XALQI DİZ ÇÖKDÜRMƏK OLMAZ!

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri hər dəfə ürək ağrısı ilə yada salırıq. Artıq on doqquz ildir ki, şəhərimizin sakinləri o vaxtkı böyük ölkənin rəhbərliyi tərəfindən öz xalqına qarşı törədilmiş qanlı aksiyanı xatırlayanda həqiqətən sarsılırlar. XALQI DİZ ÇÖKDÜRMƏK OLMAZ!
O gecə misli görünməmiş qəddarlıq nümayiş etdirildi: tankların gurultusu, güllələrin vıyıltısı, avtomat silahların süngüləri şəhər sakinlərini vahiməyə salırdı. Bütün bunlar heç bir günahı olmayan dinc əhaliyə qarşı yönəlmişdi. Baş verənlərin həqiqət olmasına inana bilməyən insanlar əvvəlcə özlərini itirdi, sonra isə sarsıntı hissi keçirdilər.
Həmin dəhşətli gecədə Mərkəzin əmri ilə suveren respublikanın ərazisinə soxulmuş sovet ordusu qoşunları qarşısına çıxan hər şeyi yerlə-yeksan edir, hər kəsə atəş açırdı. Bu qanlı aksiyaya quru qoşunları ilə bərabər, hərbi dəniz, hərbi hava, desant qoşunları və hətta xüsusi təyinatlı bölmələr də cəlb edilmişdi. Azərbaycan paytaxtında əvvəlcədən xəbərdarlıq edilmədən fövqəladə vəziyyət tətbiq olundu. Qoşunlar rastlarına çıxan hər kəsi – qocaları, qadınları, cavanları, uşaqları qanlarına qəltan edirdi… Yaşayış binaları, xəstəxanalar atəşə tutulur, tanklar təsadüfən yolda olan avtomobillərin üstündən sürüb keçirdi, hətta yaralılara da rəhm edilmirdi… Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Onların arasında azərbaycanlılarla yanaşı, əsrlər boyu çoxmillətli şəhərimizi təmsil edən ruslar, yəhudilər, tatarlar, başqa millətlərin nümayəndələri də vardı…
Sovet kütləvi informasiya vasitələri Azərbaycanda törədilmiş qanlı yanvar hadisələrini, dinc vətəndaşlara divan tutulmasını sanki görmür, bu barədə heç bir məlumat verilmirdi. O vaxt Bakıya gəlmiş jurnalistlərin heç birinə Azərbaycan paytaxtında törədilmiş vəhşi aksiya haqqında həqiqəti dünyaya çatdırmaq üçün hazırladığı materialları ittifaq mətbuatında çap etdirmək, yaxud efir vasitəsilə yaymaq imkanı verilmədi. Respublika informasiya blokadasında idi. Yerli rəhbərlər isə buna hər vasitə ilə kömək edirdilər. Təkcə bunu xatırlamaq kifayətdir ki, Bakıda televiziyanın sıradan çıxarılması həmin rəhbərlərin razılığı ilə baş vermişdi.
O vaxt Azərinformun (indiki AzərTAc-ın) əməkdaşları da çətin günlər yaşayırdı. Agentliyin binasında əyləşən hərbi senzorun icazəsi olmadan heç bir məlumat yayılmırdı. Lakin Azərinformun jurnalistləri respublikada baş verənlər barədə həqiqəti yaymaq üçün yol tapdılar. Agentliyin işçiləri özlərinin hazırladığı, insan adlanmağa layiq olmayanların dünya ictimaiyyətindən gizlətdiyi həqiqətləri əks etdirən qısa, lakin faktlarla çox zəngin olan məlumatları gecənin qaranlığında paytaxtın müxtəlif hissələrində binaların divarlarına yapışdırırdılar.
Azərbaycan İnformasiya Agentliyinin jurnalistləri peşəkar və humanist borclarını beləcə yerinə yetirirdilər.
1990-cı ilin Qara Yanvar günlərindən əvvəlki hadisələri xatırladıqca bir daha yəqin edirsən ki, həmin hadisələrlə Qarabağ problemi arasında həm birbaşa, həm də dolayı əlaqə vardı. O dövrdə SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatlarından biri, bəstəkar Arif Məlikovun “Mən ittiham edirəm…” adlı publisistik kitabında haqlı olaraq qeyd etdiyi kimi, Qarabağ müharibəsi bir sıra prosesləri sürətləndirdi, kommunist rejiminin acizliyini açıb göstərdi. Müəllif yazır: “Bu müharibə, yüz minlərlə qaçqın, neçə-neçə evin qapısını döymüş faciə Mərkəzin səbatsız və mənasız siyasəti, yerli rəhbərliyin aciz mövqeyi hadisələri təlatümə gətirdi və sürətləndirdi”.
Yadımdadır, həmin günlərdə keçirilən bütün mitinqlərdə Qarabağdakı separatizmə qarşı, Mərkəzin siyasətinə qarşı, bütövlükdə həmin quruluşa qarşı getdikcə güclənən etiraz səsləri eşidilirdi. Totalitar rejimə qarşı uzun illər boyu yığılıb qalmış daxili etiraz hissləri üzə çıxırdı. Bu, belə də olmalı idi və oldu, Mərkəz əməlli-başlı qorxuya düşdü. Mərkəzin Azərbaycanı itirmək qorxusu real idi: respublikada demokratik qüvvələr möhkəmlənmişdi, onları idarə etmək getdikcə çətinləşirdi. Belə bir məqamda Moskva özünün əsas vasitəsindən – qoşunlardan istifadə etdi.
Yanvar hadisələri zamanı tökülən qanlar Azərbaycan xalqının həmin illərdə məruz qaldığı böyük fiziki və mənəvi itkilərin bir növ yekunu oldu. O vaxt bizim başımız çox müsibətlər çəkdi. Lakin dünyada ən şirin nemət olan Azadlıq naminə, dünyada ən uca dəyər olan insan ləyaqəti naminə bu müsibətlərə dözməyə dəyərdi!
Bakıda yanvar hadisələri məlum həqiqəti bir daha təsdiq etdi: xalqa atəş açmaq olar, amma onu diz çökdürmək heç vaxt mümkün deyil!
Bəlkə də məhz həmin qanlı faciə günləri artıq dağılmaqda olan sovet imperiyasının can verməsi prosesinin kuliminasiya nöqtəsi oldu. Məhz həmin hadisələr totalitar sistemin mahiyyətini, onun həqiqi məzmununu dünyaya göstərdi. Sistemin süqutunun başlanğıcı olan bu hadisələr keçmiş ittifaqa daxil olan başqa xalqlarla bərabər, Azərbaycan xalqının da çoxdan gözlədiyi ən qiymətli bir nemətlə – Müstəqillik əldə edilməsi ilə nəticələndi.
Buna görə də rejimlə savaşın qurbanı olmuş həmvətənlərimizi hüznlə yad edərkən, onların qəhrəmanlığına ehtiramımızı bildirməklə yanaşı, bu hadisənin möhtəşəmliyini, xalqımızın qazandığı Azadlığın məna və mahiyyətini də yadda saxlamalıyıq!

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO