Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər olunmasını zəruri edən səbəblərdən biri də əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ünvanlanan müraciətlərdir. “Ayrı-ayrı müəssisələrdən daxil olmuş bu müraciətlərdə vətəndaşlar əmək fəaliyyətlərini davam etdirmək istədiklərini və qanunda pensiyaya cıxmaq üçün nəzərdə tutulan yaş həddinin qaldırılmasını xahiş ediblər”, – deyə cümə günü Trend News-a DSMF-in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyib.
Babayev bildirib ki, DSMF-yə daxil olan müraciətlər arasında qadınlar tərəfindən göndərilən müraciətlər üstünlük təşkil edir. “Onlar birmənalı şəkildə qanunda qadınların pensiyaya cıxmaq ücün yaş həddinin 57 olmasının əleyhinə olduqlarını və yaş həddinin artırılmasını xahiş ediblər. Xüsusilə qadın müəllimlər yaş həddinin artırılması tələbi ilə DSMF-yə coxsaylı müraciət göndəriblər”, – deyə o vurğulayıb.
Babayev dəyişikliklərin sosial ədalət prinsiplərinə əsaslandığını və layihə hazırlanarkən beynəlxalq təcrübənin də nəzərə alındığını vurğulayıb. Onun sözlərinə görə, əksər ölkələrdə pensiyaya cıxmaq üçün yaş həddi 60-dan yuxarıdır. “Məsələn Avstriya, Belçika, Böyük Britaniya, Yunanıstan və başqa ölkələrdə qadınlar və kişilər üçün yaş həddi 65-dir. Almaniya və Norveçdə həm qadınlar, həm də kişilər 67 yaşında pensiyaya cıxır”, – deyə o əlavə edib.
Ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtləri dəyişdirilir. Dəyişikliyə əsasən, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012 -ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir. Layihə Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.