Volqoqradda Dostluq parkı

Volqoqradda Dostluq parkı

Volqoqradda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya Dostluq parkını şəhər sakinləri çox yüksək qiymətləndirir, buna görə Azərbaycan dövlətinə və ulu öndərin adını daşıyan Fonda minnətdarlıq edirlər. Bakının Qaradağ rayonunun dəstəyi ilə yaradılacaq parkda aparılan təmir işləri barədə Volqoqradın “Birinci” televiziya kanalı süjet hazırlamışdır.
Trend AzərTAc-a istinadən xəbər verir ki, Volqoqradın “Birinci” televiziya kanalının aparıcısı qeyd etmişdir ki, mərkəzi mədəniyyət və istirahət parkının ərazisində cari ilin sentyabrında müasir park istifadəyə veriləcəkdir. Kanalın aparıcısı qısa müddət ərzində burada həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa işlərindən məmnunluqla bəhs edir. Bildirilir ki, bu layihənin icrasına cari ilin iyununda Volqoqradda keçirilən dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu çərçivəsində başlanılmışdır. Süjetdə Rusiya Federasiyasının Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun bu parkın salınmasına görə minnətdarlığı təqdim edilir. Azərbaycan tərəfinin bu layihənin reallaşmasına göstərdiyi hərtərəfli dəstək süjetdə dəfələrlə vurğulanır. Qeyd edilir ki, çox qısa müddətə burada genişmiqyaslı işlər görülmüşdür.
Mərkəzi mədəniyyət və istirahət parkının direktoru Andrey Jarkov vurğulamışdır ki, bu çox yaxşı başlanğıcdır və bu cür layihələr davamlı olmalıdır. İki ay müddətinə aparılan abadlıq işləri zamanı burada daş divar hörülmüş, qazonlar salınmış, suvarma sistemi yaradılmış, elektrik sistemi qurulmuşdur.
“Əfqan icması” cəmiyyətinin rəhbəri Nezamuddin Bahavi isə demişdir ki, bu ərazidə apreldə olanlar indi inana bilmirlər ki, burada bu cür işlər görülmüşdür. O, diqqətə çatdırmışdır ki, Azərbaycan tərəfinin yaratdığı bu park şəhərin ən gözəl istirahət mərkəzlərindən biri olacaqdır. Yaxın həftələrdə inşaatçılar parkda nadirliyi ilə seçiləcək dörd metrlik fəvvarə inşa edəcəklər. Burada, həmçinin Qız qalasını təcəssüm etdirən abidə, səhnə, uşaq meydançaları, ailəvi kafe və digər zəruri obyektlər olacaqdır. Ailəvi kafedə milli xörək və şirniyyatlarımız təqdim ediləcəkdir.
Volqoqrad sakinləri bu cür layihəni çox yüksək qiymətləndirirlər. Şəhər sakini Tatyana Nikolkina bildirir ki, 31 ildir burada yaşayır və bu parkın salınması kimi gözəl layihə hələ görməmişdir.
Digər sakinlər də qeyd edirlər ki, parkda bütün yaş təbəqələrindən olan insanların istirahəti üçün maksimum şərait yaradılacaqdır. Tikinti işləri zamanı arxitektorlar azərbaycanlıların da qəhrəmanlıqla iştirak etdiyi “Stalinqrad döyüşü” mövzusuna xüsusi yer ayırmışlar. Parkın yenilənmiş sahəsində bununla bağlı böyük xiyaban salınacaqdır. “Volqoqrad veteranları bu cür xiyabanın salınmasını birmənalı olaraq yüksək səviyyədə qarşıladılar”, – deyən Volqoqradın Veteranlar Şurasının sədri Aleksandr Strukov Stalinqraddakı və ümumi Qələbənin əldə edilməsində Sovetlər Birliyinin bütün xalqlarının zəhmətinin olduğunu vurğulayır.
4 noyabr – Xalqların Birliyi Günü Volqoqradda yaşayan bütün icmaların nümayəndələrinin burada ağac əkməsi nəzərdə tutulur. “Dostluq evi” Gənclərin Layihələri Təşkilatının rəhbəri Yekaterina Kozaçkova həmin gün bütün icmaların nümayəndələrini ağacəkmə kampaniyasına qoşulmağa çağırır.
Volqoqrad sakinləri əmindirlər ki, burada çox gözəl və müasir bir park yaradılacaq və onlar Azərbaycan tərəfinin bu addımının digərləri üçün nümunə olduğunu qeyd edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO