«İnzibati icraat haqqında» Qanunun bir sıra müddəaları Azərbaycan qanunvericiliyinin ruhuna və fəlsəfəsinə ziddir» – şənbə günü Azərbaycan Hüquqşünaslar Konfederasiyasının yeni inzibati hüquqa dair keçirdiyi seminarda Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bildirib.
Trend News – un arayışı: Azərbaycan parlamenti 5 il əvvəl «İnzibati icraat haqqında» Qanun qəbul edib. Lakin İnzibati – Prosessual Məcəllə qəbul edilmədiyindən, Qanun güvvəyə minməyib. Hazırda İnzibati – Prosessual Məcəllə hazırlanır.
Tağıyev qeyd edib ki, «İnzibati icraat haqqında» Qanunun təkmilləşdirilməsinə ehtiyac var.
«Bu Qanunun hazırlanmasında və qəbul edilməsindən Vəkillər Kollegiyasının xəbəri olmayıb. Bizim bundan xəbərimiz olsaydı, Qanunun hazırlanması baxımından faydalı olardı. Layihə üzərində 4 il iş aparılıb. Parlamentdə qəbul edildikdən sonra bizə məlumat verilib ki, bu Qanunun qəbul edilməsi vacibdir. Vəkillər Kollegiyası Qanunla tanış deyil», – deyə o əlavə edib.
Tağıyevin fikrincə, Qanunun dili həddindən artıq mürəkkəb olduğuna görə, onu öyrənmək çox çətindir: «Əgər mən 36 il vəkil işlədiyim halda, Qanunu başa düşmürəmsə, sadə vətəndaşlar onu necə anlasınlar?» – Vəkillər Kollegiyasının sədri əlavə edib.
Tağıyev deyib ki, ya «İnzibati icraat haqqında» Qanun Azərbaycan qanunvericiliyinə, ya da Azərbaycan qanunvericiliyi bu Qanuna uyğunlaşdırılmalıdır. Onun sözlərinə görə, Qanunda bələdiyyələr inzibati orqan kimi göstərilib.
Lakin bələdiyyələr qeyri – dövlət orqanı kimi yerli özünüidarəetmə funksiyasını yerinə yetirir. Qanunda hüquqi və fiziki şəxslərə hüquqi yardımın göstərilməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılıb. Amma Konstitusiyanın 61 – ci maddəsinə görə, hüquqi yardımı ancaq vəkillər həyata keçirə bilər. Bu maddə Qanunda qalsa, digər qanunlara dəyişiklik etmək lazım gələcək. Çünki icra strukturlarının hüquqi yardım göstərmə mexanizmi yoxdur», – deyə Tağıyev bildirib.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının rəhbiri Əli Hüseynov bildirib ki, yeni inzibati hüquq dövlətin vətəndaşlar qarşısında məsuliyyətini önə çəkir.
«İnzibati icraat haqqında» Qanun qəbul etmək üçün təfəkkür dəyişikliyi olmalıdır. Biz bilərəkdən qanun layihəsini dövlət orqanlarına göndərmədik. Cünki onlar bunun əleyhinə idi. Təəssüf edirəm ki, Vəkillər Kollegiyası kimi qurumun qanundan xəbəri yoxdur» – Hüseynov əlavə edib.