Vitse-spikerdən BMT-yə və fövqəlgüclərə siyasi “şillə “

Regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar bu il də arzuolunan nəticələr vermədi. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Fövqəlgüc dövlətlərin geosiasi maraqlarından çıxış edərək bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik qətnamələr qəbul edən BMT-nin 1992-1993-cü illərdə və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə münasibətdə ifrat loyallıq nümayiş etdirməsi ikili standartların real mənzərəsini göz önünə gətirir. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi dörd qətnaməsinin kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.

Vitse-spiker qeyd edib ki, son dövrdə “güclünün hüququ”, “yumruq hüququ” kimi yeni keyfiyyətlər əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənib: “Bu proses güclü dövlətlərə hüdudsuz “fəaliyyət azadlığı” verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Doğrudanmı, beynəlxalq hüququn “güclünün hüququna” çevrilməsi son nəticədə “beynəlxalq özbaşınalığ”ın genişlənməsinə səbəb olacaq və dünyanı nəhəng bir “beynəlxalq cəngəlliyə” çevirəcək? Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, onu işğal etməsi, “lazım gələndə” beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən “cəzalandırma əməliyyatı”na başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir. Bu nəinki insan hüquq və azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara sarsıdıcı zərbə vurur”.

B.Muradova bildirib ki, beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr ədalətsizliyin bərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir: “Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam təcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanı problemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacı var. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun problemi həll etmək istəyinin olmamasından xəbər verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi bütöv-lüyünün işğal nəticəsində pozulmasına seyrçi qalınması, işğal faktını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi ilk növbədə beynəlxalq hüququ gərəksizləşdirir, BMT-nin nüfuzuna xələl gətirməklə yanaşı onun fəaliyyətində subyektiv amillərin rəhbər tutulduğunu göstərir”.

Onun fikrincə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin icra edilməməsi də məhz bu məqamlardan xəbər verir: “Xristian təəssübkeşliyindən tutmuş superguclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir. Belə bir şəraitdə nəinki qaçqın və məcburi köçkün statusunda yaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılıar və işğal faktının yolverilməzliyini qəbul edən tərəqqipərvər insanlar beynəlxalq hüququn məhz güclünün hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə xidmət edən bir “alət” olduğunu anlayır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO