Vilayət Quliyev Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Vilayət Quliyev Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşübAzərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin qanunverici qurumunda fəaliyyət göstərən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, görüşü qrupun rəhbəri, Macarıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Marton Döndöşü açıb.

İki ölkənin tarix və tale yaxınlığından söz açan deputat son günlər regionda baş verən hadisələrdən, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində böyük tələfatlarla müşaiyət olunan hərbi qarşıdurmadan narahatlığını dilə gətirib. Avropa Şurası Parlament Assambleyasının Macarıstandan olan üzvü kimi Marton Döndöşü bu qurumun müzakirələri çərçivəsində daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib. Hazırda Ermənistanın işğalı altında olan bütün ərazilərin tarixi Azərbaycan torpaqları olduğu və bunun ən mötəbər beynəlxalq qurumların sənədlərində öz əksini tapdığı vurğulanıb.

Bəzən macar mətbuatının da yanlışlığa yol verdiyinə, münaqişənin guya Azərbaycanla tanınmamış “DQR” arasında cərəyan etdiyinə dair məlumatlar yaymasına toxunan səfir aprelin əvvəlindəki “üç günlük müharibənin” də işğala məruz qalmış Azərbaycan ərazilərində getdiyinə və döyüşlərin erməni ordusu tərəfindən aparıldığına diqqəti çəkib.

Ermənistanın işğalçı dövlət olduğunu, üstəlik get-gedə azğınlaşaraq mütəmadi şəkildə atəşkəsi pozduğunu, dinc azərbaycanlı sakinlərin təhlükəyə məruz qaldıqlarını xatırladan səfir Vilayət Quliyev yenə də məhz Ermənistan tərəfin fitnəkarlığı nəticəsində növbəti silahlı qarşıdurma baş verdiyini bildirərək Milli Ordumuzun düşmənə layiqli cavab verdiyini fakt və sənədlərlə açıqlayıb.

Səfir parlamentlərarası dostluq qrupunun üzvlərindən istər Macarıstan Parlamentində, istərsə də üzv olduqları Avropa qurumlarında və digər beynəlxalq təşkilatlarda işğalçı Ermənistan, onun Azərbaycan ərazisində törətdiyi hərbi cinayətlər və xüsusən də Xocalı soyqırımı haqqında obyektiv həqiqətləri səsləndirməyi, haqqın tərəfində dayanmağı xahiş edib.

Daha sonra Vilayət Quliyev dostluq qrupu üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Macarıstan münasibətləri ilə bağlı çoxsaylı suallarına cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ölkə parlamentində fəaliyyət göstərən nüfuzlu və çoxsaylı qruplardan biridir. Macarıstanın bütün aparıcı partiyalarının nümayəndələri qrupda təmsil olunurlar. Parlamentin vitse-spikeri Şandor Lejak da bu qrupun üzvüdür. Nəhayət, qrup üzvlərindən 3 nəfər AŞPA, 2 nəfər isə Avropa Parlamentinin üzvüdür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO