Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ dünya neft qiymətlərinin stabilləşməsinə dair OPEK və digər neft hasil edən ölkələr arasındakı razılaşmanın qarşısını almağa çalışır. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
N.Maduro Vaşinqtonu neft bazarının stabilləşməsinə dair razılaşmanı pozmağa yönəlmiş hərəkətlərdə təqsirləndirir: “Bunun üçün ABŞ ölkə liderlərinə təzyiq göstərir”.
Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində “dondurmaq” üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək. Bu görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.